×
A
A
A
Sazlamalar

Keçmiş konqresmen Co Sestak seçkiqabağı kampaniyaya başlayıb

Vaşinqton, 24 iyun, AZƏRTAC

Daha bir demokrat - Pensilvaniya ştatından olan keçmiş konqresmen Co Sestak 2020-ci ildə ABŞ-da keçiriləcək Prezident seçkilərində iştirak edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Co Sestak seçkiqabağı kampaniyasının saytında özünü “Admiral Co” kimi təqdim edir. Oval kabinetdə yet tutmaq uğrunda Prezident Donald Trampa meydan oxuyan 24 demokrata qoşulmuş Sestak seçkiqabağı kampaniyaya başlamasını bazar günü Vaterloo şəhərindəki (Ayova ştatı) Veteranlar Muzeyində elan edib.
Sestak Trampı qınayaraq bildirir ki, onun prezidentliyi dövründə Amerika dünyada lider mövqeyini itirib. Keçmiş konqresmen iqlim dəyişmələrinə qarşı mübarizə, korporasiyaların hesabat vermələri və Çin tərəfindən ABŞ-a geosiyasi təhdidlə əlaqədar qəti tədbirlər görməyə çağırır.
İki müddət Nümayəndələr Palatasında çalışmış Sestak ABŞ Senatına seçilməyə cəhd göstərib, lakin ümumi seçkilərdə Pet Tumiyə uduzub.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-06-24 12:26:00