×
A
A
A
Sazlamalar

Şri-Lankada fövqəladə vəziyyət rejimi daha bir ay uzadılıb

Bakı, 22 iyun, AZƏRTAC

Şri-Lanka prezidenti Maytripala Sirisena ölkədə silsilə terror aktlarından sonra elan edilən fövqəladə vəziyyət rejimini daha bir ay uzadıb.
AZƏRTAC “Ada Derana” internet-nəşrinə istinadla xəbər verir ki, dövlət başçısının imzaladığı deklarasiya prezident dəftərxanası tərəfindən dərc edilib. Sənəd iyunun 22-də qüvvəyə minib.
Şri-Lankanın hakimiyyət orqanları terror aktları seriyasından sonra polisə və orduya xüsusi səlahiyyət vermək üçün aprelin 22-də ölkədə fövqəladə vəziyyət rejimi tətbiq etmişdi. May ayının sonlarında rejimin müddəti uzadılmışdı.
Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250 nəfər həlak olmuş, 500-dən çox insan yaralanmışdı. Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini “Tövhid camaatı” qruplaşmasının üzərinə qoymuşdu. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı heç bir sübut təqdim etməmişdi.
Rəsmi məlumata əsasən, hazırda ada dövlətinin ərazisində İŞİD terror qruplaşmasının 130-140 üzvü fəaliyyət göstərir.

Dünya 2019-06-22 12:47:00