×
A
A
A
Sazlamalar

BMT nümayəndəsi: Sanksiyalar Şimali Koreyanın sakinlərinə zərər vurur, bu sanksiyalar yüngülləşdirilməlidir

Vaşinqton, 22 iyun, AZƏRTAC

Şimali Koreyaya qarşı beynəlxalq sanksiyalar sadə Şimali koreyalıların həyatına zərər vurur və iqtisadi əməkdaşlıq layihələrinin icrasına imkan vermək üçün bu sanksiyalar yüngülləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Şimali Koreyada insan haqları üzrə xüsusi məruzəçisi Tomas Ohea Kintana bu fikrini Seulda keçirilən mətbuat konfransında bəyan edib. O deyib: “Fikrimcə, sanksiyaların rejimi Şimali koreyalıların dolanışığına faktiki olaraq çox pis təsir göstərir”.
Kintananın brifinqi cari ilin oktyabrında BMT-nin insan haqları Şurasına təqdim ediləcək məruzənin hazırlanması üçün bu həftə Cənubi Koreyaya tədqiqat səfərinin sonunda təşkil olunub. Kintana hökumət məmurları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb, yaxın vaxtlarda Şimali Koreyadan sərhədi keçənlərdən müsahibə götürüb. BMT nümayəndəsi, həmçinin 2016-cı ildə fəaliyyətini dayandıran, Şimali Koreyada yerləşən birgə sənaye parkındakı Keson sənaye kompleksində layihələrə rəhbərlik etmiş Cənubi koreyalı sabiq sahibkarlarla da söhbət edib.
Cənubi Koreya daha əvvəl BMT-nin Dünya Ərzaq Proqramı vasitəsilə Şimali Koreyaya 50 min ton düyü bağışlayacağını elan etmişdi. Bu, 2008-ci ildən bəri ən iri ianələrdən biri hesab edilir. Kintananın səfəri onun Seula altıncı missiyası idi.
Argentinalı Tomas Ohea Kintana İnsan haqları üzrə vəkildir. 2008-ci ildən 2014-cü ilədək Myanmada insan haqları sahəsində vəziyyət məsələləri üzrə BMT-nin xüsusi məruzəçisi olub.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-06-22 12:24:00