×
A
A
A
Sazlamalar

Cənubi Koreya “G20” sammitində diqqəti KXDR məsələsinə yönəldəcək

Bakı, 21 iyun, AZƏRTAC

Koreya Respublikasının Prezidenti Mun Ce-in iyunun 28-29-da Osakada keçiriləcək "Böyük iyirmilər" qrupunun (“G20”) növbəti zirvə görüşü çərçivəsində Çinin və Rusiyanın dövlət başçıları Si Cinpin və Vladimir Putin ilə ikitərəfli görüşlər keçirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Koreya Respublikası Prezidentinin mətbuat katibi Ko Min-cunq açıqlama verib. O, Cənubi Koreya liderinin Osaka sammitində və sammit çərçivəsində keçirəcəyi görüşlərdə diqqəti Koreya Xalq Demokratik Respublikası ilə sülh danışıqları üçün beynəlxalq əməkdaşlığın vacibliyinə yönəldəcək.
Jurnalistlərin Prezident Mun Ce-inin Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüş ehtimalı barədə sualını cavablandıran mətbuat katibi deyib ki, hələlik belə bir görüş barədə ümumi razılıq yoxdur. Amma Koreya Respublikası görüş üçün “qapıları” açıq saxlayacaq.
Yaponiya tərəfi bir müddət əvvəl Cənubi Koreya lideri ilə görüşün keçirilməyəcəyini bəyan etmişdi.
Qeyd edək ki, son vaxtlar İkinci Dünya müharibəsi zamanı yapon şirkətləri tərəfindən məcburi əməyə cəlb olunan koreyalılara kompensasiya ödənilməsinə dair fikir ayrılığı ilə əlaqədar tərəflər arasında gərginlik yaşanır. Ötən ilin oktyabrında Cənubi Koreyanın Ali Məhkəməsi hazırda "Nippon Steel" adlanan şirkətin və “Mitsubishi Heavy Industries” şirkətinin keçmiş və vəfat etmiş işçilərin ailə üzvlərinə kompensasiya ödəməsi barədə qərar qəbul edib. Cənubi Koreya bir neçə gün əvvəl məhkəmə iddialarının baxılması başa çatmış şəxslərə kompensasiya ödənilməsi üçün Yaponiya və Koreya şirkətlərinin birgə fond yaratması təklifini irəli sürüb. Yaponiya tərəfi bu təklifi rədd edib.

Dünya 2019-06-21 15:07:00