×
A
A
A
Sazlamalar

Hulusi Akar: S-400-lərin alınması Türkiyənin NATO-dan uzaqlaşması demək deyil

Bakı, 21 iyun, AZƏRTAC

Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini satın alması Türkiyənin NATO-dan uzaqlaşması anlamına gəlmir.
AZƏRTAC Habertürk telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Türkiyə NATO qarşısında bütün öhdəliklərini tam həcmdə və vaxtlı-vaxtında yerinə yetirir. S-400 zenit-raket komplekslərini satın almaqla alyansdan uzaqlaşdığımız barədə söhbət gedə bilməz”, - deyə Hulusi Akar bildirib.
O, həmçinin S-400 komplekslərinin alınmasını F-35 layihəsi ilə əlaqələndirmək cəhdlərini də sərt tənqid edib. Nazirin sözlərinə görə, bu, ordunun lazımi silahlarla təminatı məsələsidir.
Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişini 2017-ci ilin dekabrında imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400-lərin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəliblər.
ABŞ S-400 komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından çıxarmaqla hədələyib. Proqrama əsasən, Türkiyə azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almalıdır. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.
Uzaq məsafəli zenit raket sistemi olan S-400 Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulur.

 

Dünya 2019-06-21 14:33:00