×
A
A
A
Sazlamalar

G20 ölkələrinin liderləri Osaka sammitində ticarət və ekologiya məsələlərini müzakirə edəcəklər

Tokio, 21 iyun, AZƏRTAC 

G20 ölkələri liderlərinin iyunun 28-29-da Osakada keçiriləcək sammiti zamanı, əsas diqqət mərkəzində olacaq məsələlər qlobal iqtisadi vəziyyət və ticarət, həmçinin ekologiya məsələləri olacaq.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu barədə iyunun 21-də Yaponiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Gündəlikdə müzakirə ediləcək məsələlər sırasında qlobal iqtisadiyyat, ticarət və investisiyalar, iqlim dəyişmələri və ekologiya xüsusi yer tutacaq”,- deyə mənbə bildirib. İqtisadiyyatla bağlı müzakirələr aparacaq G20 liderləri qlobal iqtisadiyyatın inkişafının zəruriliyini təsdiq etməklə yanaşı, ədalətli və azad ticarətin təmin edilməsinə də çalışacaqlar.
Sammitdə, həmçinin rəqəmsal şirkətlərin beynəlxalq vergi sisteminə cəlb olunması mövzusuna toxunulması da planlaşdırılır. Həmin məsələ cari ayın əvvəllərində G20 ölkələri maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin Fukuokada keçirilən görüşü zamanı müzakirə edilib.
Ekoloji problemlərlə bağlı mövzular arasında isə okeana atılan plastik tullantılar probleminə xüsusi diqqət yetiriləcəyi bildirilir.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-06-21 12:33:00