×
A
A
A
Sazlamalar

Gəncədə "Ermənistanın regional təhdidi" mövzusunda forum keçirilib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Ermənistanın regional təhdidi" mövzusunda forum keçirib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq forumda ictimaiyyət nümayəndələri, deputatlar, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar və tələbələr iştirak ediblər.
Tədbiri QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri Rufiz Qonaqov açaraq Bakıdan sonra Gəncədə keçirilən beynəlxalq forumun əhəmiyyətindən danışıb. O, Ermənistanın bu gün də davam etməkdə olan işğalçılıq siyasətinin Cənubi Qafqaz regionuna ciddi təhlükə yaratdığını bildirib. Şura üzvü qeyd edib ki, bütün səylərə baxmayaraq, Ermənistanın təcavüzə son qoymaması Cənubi Qafqaz regionunda, o cümlədən dünyada artan risklərə və təhdidlərə ciddi təkan verir. Danışıqlar prosesini uzatmağa çalışaraq qeyri-konstruktiv mövqe sərgiləyən işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymayaraq öz çirkin siyasətini davam etdirir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Forumun Gəncədə keçirilməsindən məmnunluğunu ifadə edərək, bu kimi beynəlxalq tədbirlərin ölkədə və xaricdə keçirilməsinin vacibliyindən danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Forumun əhəmiyyətindən bəhs edib.
Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədr müavini Pərvin Kərimzadə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların rolu" mövzusunda məruzə edib. Deputat bildirib ki, danışıqlar prosesi davam etdirilir, lakin Ermənistan tərəfinin ənənəvi siyasəti bu danışıqların səmərəliliyinə mane olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməni yerinə yetirməkdən imtina edir. Müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən dünya dövlətləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qeyd-şərtsiz bəyan edilməsinə baxmayaraq, Ermənistan geri çəkilmir və faktiki olaraq 20 faizdən çox ərazimiz işğal altındadır, bir milyondan çox soydaşımız məcburi köçkün həyatı yaşayır.
AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov “Erməni işğalı və Azərbaycan təhsilinin itirdikləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Ermənistanın tarixboyu Azərbaycana qarşı apardığı məkrli siyasət, terrora rəvac verən separatizm meyilləri bölgədə təhlükəsizliyə ciddi zərər vurur. Alim, həmçinin qeyd edib ki, erməni təcavüzü nəticəsində həm mədəni irsimizə, həm tarixi abidələrimizə, həm də təhsilimizə sağalmaz yara vurulub.
BMAM-ın ekspertləri Rəfail Becanov, Ramin Səmədov, Gəncə Dövlət Universitetinin kafedra müdiri Asim Məmmədov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan məqsədyönlü və düşünülmüş xarici siyasətin müsbət nəticələrini forum iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra məruzələr ətrafında çıxışlar olub.

Siyasət 2019-06-20 19:51:00