×
A
A
A
Sazlamalar

Litva Müdafiə Nazirliyi Neris çayının radioaktiv çirklənməsi barədə informasiyanı təkzib edib

Bakı, 20 iyun, AZƏRTAC

Litvada keçirilmiş hərbi təlimlər zamanı Neris çayının radioaktiv çirklənməyə məruz qalması barədə informasiya həqiqətə uyğun deyil. AZƏRTAC Litva KİV-lərinə istinadla xəbər verir ki, bunu milli radionun efirində müdafiə nazirinin müavini Edvinas Kerza bildirib.
O deyib: “İki internet portalı kibernetik gigiyena qaydalarını pozaraq təlimlərdə insident barədə yalan informasiya yerləşdirib”.
Kerza xatırladıb ki, bu, internet resurslarına hücum etmək yolu ilə Müdafiə Nazirliyi sisteminə ilk dəfə kölgə salmaq cəhdi deyildir. O deyib: “Dəst-xətt və üslub növbəti dəfə təkrarlanıb”. Nazir müavini təəssüfləndiyini bildirib ki, Müdafiə Nazirliyinin ekspertlərinin tövsiyələrinə və müdafiə vasitələrinin tətbiqinə baxmayaraq, elektron KİV-lər hələ də zəifdir.
İyunun 9-da Litvanın iki internet nəşrində Litva və ingilis dillərində yerləşdirilən informasiyaya görə, 10 ölkədən təqribən 4 min hərbi qulluqçunun və mindən çox texnika vahidinin iştirakı ilə irimiqyaslı “Dəmir canavar – 2019” təlimləri zamanı Neris çayı radioaktiv çirklənməyə məruz qalıb. Guya kütləvi qırğın silahının sınaqları zamanı çaya tərkibində zənginləşdirilmiş uran olan mərmi düşüb”.

Dünya 2019-06-20 18:27:00