Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Cəlilabadda üzümçülər üçün səyyar təlimlər təşkil edilib

Cəlilabad, 18 iyun, Bağır Əliyev, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təşəbbüsü ilə regionlarda üzümçülüklə məşğul olan fermerlər və məhsul istehsalçıları üçün xəstəlik və ziyanvericilərə qarşı mübarizə məqsədilə səyyar təlimlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə təlimlərdən biri ölkəmizin ən böyük üzüm istehsalçısı olan Cəlilabad rayonunda baş tutub. Təlimlərdə üzüm bağlarında yaşıl budamanın vaxtında və düzgün aparılması, məhsuldarlığın artırılması üçün suvarmanın düzgün təşkili, gübrələrin və kimyəvi maddələrin istifadəsində normativ qaydalara düzgün riayət olunması əsas müzakirə mövzusu olub.
Üzümçülərin qarşılaşdığı problemlərin həlli istiqamətində görülən işlərdən danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib ki, bu ildən etibarən yeni qaydalara əsasən hər bir fermer və məhsul istehsalçısı “Aqrolizinq”ə getmədən rayondakı banklara müraciət edərək təchizatçı şirkətlə seçdiyi kənd təsərrüfatı texnikasının qiymətinin razılaşdırılması yolu ilə 40 faiz dövlət güzəştindən yararlanaraq həmin texnikanı əldə edə bilər.
Qeyd edək ki, ötən il Cəlilabadda 17 min ton üzüm istehsal edilib. Hər hektardan götürülən məhsuldarlıq 127 sentner təşkil edib. Bu il üzüm bağlarının sahəsi genişləndirilərək 1400 hektara çatdırılıb.

Regionlar 2019-06-18 19:13:00