×
A
A
A
Sazlamalar

“Şərq-Qərb” magistralının Gürcüstandan keçən hissəsinin tikintisi ilə əlaqədar ikinci dəfə tender elan edilib

Tbilisi, 18 iyun, AZƏRTAC

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti “Şərq-Qərb” (E-60) avtomobil magistralının Gürcüstandan keçən hissəsinin tikintisi ilə əlaqədar ikinci dəfə tender elan edib.
AZƏRTAC xəbər verir ki, layihədə Şorapani-Arqveta yolunun Rikoti aşırımından keçən 14,7 kilometrlik hissəsinin tikintisi nəzərdə tutulub.
Departamentin yaydığı məlumatda deyilir ki, yolun tikintisi ilə əlaqədar elan olunmuş birinci tender baş tutmayıb. Təkrar tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini cari ilin avqustun 1-i saat 16:00-dək departamentə təqdim etməlidirlər. Layihədə magistralın Şorapani-Arqveta hissəsində 4 zolaqlı beton yolun, 14 körpü və 12 tunelin tikintisi nəzərdə tutulub.
Yolun tikintisi Yaponiya Beynəlxalq İnkişaf Agentliyinin (JİCA) maliyyə vəsaiti hesabına həyata keçiriləcək (əvvəlki tenderdə maliyyənin Asiya İnkişaf Bankı tərəfindən ayrılması nəzərdə tutulmuşdu).
Məlumatda bildirilir ki, Şorapani-Arqveta yolu Rikoti aşırımından keçən Çumateleti-Arqveta 51,6 kilometrlik magistralın 4 hissəsindən biridir. Ümumilikdə bu yolun tikintisi, modernləşdirilməsi və genişləndirilməsi işləri bir milyard dollar qiymətləndirilib. Magistralın 12,2 kilometrlik Xevi-Ubisa və 13 kilometrlik Ubisa-Şorapani hissəslərində tikinti işləri davam etdirilir. Yolun bu hissələrinin tikintisini Asiya İnkişaf Bankı ilə Avropa İnkişaf Bankı birgə maliyyələşdirir. Magistralın 11,7 kilometrlik Çumateleti-Xevi hissəsində gedən modernləşmə və genişləndirmə işlərini isə Avropa İnkişaf Bankı maliyyələşdirir.
Məlumat üçün qeyd edilib ki, “Şərq-Qərb” avtomobil magistralının Azərbaycan sərhədindən Türkiyə sərhədinə qədər olan hissəsinin tikintisi üçün Avropa İttifaqı və Dünya Bankı kredit ayırıb. Bu yolun Rikoti aşırımının tikintisi başa çatdıqdan sonra əvvəllər 8 saata qət olunan yolu 4 saata və ya 4 saat 30 dəqiqəyə qət etmək mümkün olacaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-18 06:35:00