×
A
A
A
Sazlamalar

Horadizdə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilir

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Horadiz şəhərində “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, seminar-müşavirədə dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, xalqımızın tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin davamı olaraq Prezident İlham Əliyev tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldırıb.
Diqqətə çatdırılıb ki, dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq-aydın görmək mümkündür. Ölkəmizdə bütün dinlərə məxsus abidələr təmir və bərpa edilir, eyni zamanda yeniləri tikilir.
S.Salahlı dövlətimizin başçısının bir neçə gün öncə Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncamını xatırladaraq, bunu dövlətin dinə və dindarlara növbəti qayğısı kimi dəyərləndirib. Dövlət Komitəsi sədrinin birinci müavini onu da deyib ki, bu Sərəncam mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə verilib.
Digər çıxış edənlər bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, dindarlara göstərilən qayğıdan bəhs ediblər.
Seminar-müşavirə mayın 31-də işini davam etdirəcək.

Din 2019-05-30 18:50:00