×
A
A
A
Sazlamalar

Avstraliyada müsəlman ölkələrinin səfirləri üçün iftar süfrəsi təşkil edilib

Kanberra, 24 may, AZƏRTAC
Avstraliya Xarici İşlər Nazirliyi İslam ölkələrinin səfirləri üçün müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Avstraliyada fəaliyyət göstərən İslam ölkələrinin diplomatları, o cümlədən Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Elcan Həbibzadə iştirak edib.
Avstraliya Xarici İşlər Nazirliyinin katibi, nazirin birinci müavini xanım Frensis Adamson diplomatları İslam aləmində on bir ayın sultanı sayılan Ramazanın başlaması münasibətilə təbrik edib, onları iftar süfrəsi arxasında bir yerdə görməyindən məmnunluğunu bildirib. F.Adamson vurğulayıb ki, dini tolerantlığın və multikulturalizm dəyərlərinin yüksək qiymətləndirildiyi Avstraliyada İslami dəyərlərə və müsəlman xalqlarına böyük hörmətlə yanaşırlar. Bu gün təşkil edilən iftar süfrəsinin Avstraliya ilə İslam dininin daşıyıcısı olan xalqlar arasında qarşılıqlı anlaşmaya yardımçı olacağı qeyd edilib.
F.Adamson çıxışında Avstraliyada müqəddəs Ramazan ayına da xüsusi ehtiram bəslənildiyini və hörmətlə yanaşıldığını bildirib, İslamda sülh, qardaşlıq və bərabərlik çağırışlarını yüksək qiymətləndirib. İslamın Avstraliyada geniş yayıldığını qeyd edən birinci müavin ölkəsinin müsəlman aləmi ilə qədim əlaqələrini xüsusi vurğulayıb. F.Adamson müsəlmanların öz dinlərini və mədəniyyətlərini inkişaf etdirmələri üçün Avstraliyada hər cür şəraitin yaradıldığını bildirib.
Avstraliyadakı müsəlman icmasının digər nümayəndələrinin də qatıldığı tədbirin sonunda iftar süfrəsi açılıb.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Din 2019-05-24 11:13:00