×
A
A
A
Sazlamalar

Dini ekstremizm radikalizmin ən təhlükəli formasıdır

Astara, 23 may, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müasir İnkişaf” İctimai Birliyi, Astara Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlünün mövzu ilə bağlı məruzəsi dinlənilib. Qeyd olunub ki, dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Son əsrlər bəşəriyyətin elmi-texnoloji və iqtisadi cəhətdən sürətlə inkişafına baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib.
Bildirilib ki, radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. “Radikalizm” və “ekstremizm” sözləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur.
Ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini-etnik zəmində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Bu, dini radikalizmin ən təhlükəli formasıdır.
Konfransda çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadə, Kijəbə qəsəbə sahə xəstəxananın həkim laborantı Ulduzə Səfərova, “Şəfəq” Ekoturizm İctimai Birliyinin sədri, Milli QHT forumunun Şirvan təlim və resurs mərkəzinin regional koordinatoru Vamiq Babayev və Astara Rayon Mərkəzi Kitabxanasının əməkdaşı Aytən Rəhimzadə mövzu ilə bağlı təkliflərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2019-05-23 18:03:00