×
A
A
A
Sazlamalar

Brestdə XIV Belarus Beynəlxalq Mediaforumu işə başlayıb

Brest, 23 may, Əziz Məmmədov, AZƏRTAC 

Mayın 23-də Brestdə “Gələcək naminə əməkdaşlıq: jurnalistika və cəmiyyətin sosial müdafiəsi” mövzusunda XIV Belarus Beynəlxalq Mediaforumu işə başlayıb.
Tədbirdə dünyanın 25 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Çin, ABŞ, Türkiyə, Fransadan 250-dən çox dövlət xadimi və ictimai xadim, diplomat, ekspert və media birliyinin nümayəndəsi, jurnalist iştirak edir.
AZƏRTAC-ın Brestə ezam edilmiş müxbiri xəbər verir ki, “Paytaxt televiziyası” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru İqor Lutskoyun və Rusiyanın TASS informasiya agentliyinin MDB və Baltik ölkələri sektorunun rəhbəri Boris Qruşinin birgə moderatorluğu ilə keçirilən plenar iclasda Belarus Respublikası Prezidenti Administrasiyası başçısının müavini Vladimir Jevnyak Prezident Aleksandr Lukaşenkonun mediaforum iştirakçılarına təbrik məktubunu oxuyub.
Plenar iclasda Belarusun informasiya naziri Aleksandr Karlyukeviç, Brest Şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Roqaçuk, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin, MDB İcraiyyə Komitəsinin informasiya-analitika departamentinin direktoru Aleksandr Zavarzin, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov və başqaları çıxış ediblər. Qeyd edilib ki, tədbirin əsas məqsədlərindən biri dövlətlərarası inkişaf, ümumhumanitar dəyərlərin möhkəmlənməsi, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya dəstək məsələlərində KİV-lərin rolunu müzakirə etməkdir. Bununla əlaqədar olaraq, forumun “Gələcək naminə tərəfdaşlıq” devizi illər keçsə də, dəyişdirilmir.
Forumun işi “Mediaməkan və informasiya təhlükəsizliyi”, “Sosial şəbəkələrin və bloqosferanın ictimai rəyin formalaşmasına təsiri, bu sahələrdə dövlət kontentinin genişləndirilməsi”, “Müasir internet-jurnalistika trendləri və regionların sosial-siyasi problemlərinin həllində onun rolu” mövzularında panel-sessiyalarla davam edəcək.
Ənənəyə görə, forumun ikinci günündə - A.S.Puşkin adına Brest Dövlət Universiteti bazasında “Müasir jurnalistika və sosial media“ mövzusunda jurnalistin yay məktəbi keçirilir. Bu il yay məktəbində Belarus və Rusiyanın aparıcı jurnalistləri “Teleistehsalatda müasir informasiya texnologiyaları”, “The Daily Me. Müasir mediaməkanda kontentin irəlilədilməsində bloqqerlərin rolu”, “Rəqəmsal mətbuat dövrü. Ənənəvi mətbu KİV-lərin gələcəyi varmı?”, “Müasir televiziyada diskussiya məharəti” mövzularında ustad dərsləri keçirəcəklər.
Həmin gün “İttifaq dövləti: mediaməkanda 20 il. Yekunlar və perspektivlər ” mövzusunda dəyirmi masa keçiriləcək.
Mediaforumun proqramını Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 75 illiyinə həsr olunmuş “Heç kim unudulmayıb və heç nə yaddan çıxmayıb” devizi ilə Brest şəhərinə ekskursiya tamamlayacaq. İştirakçılar və qonaqlar Böyük Vətən müharibəsi illərində sovet xalqının qəhrəmanlığı və igidliyi şərəfinə postsovet məkanında ucaldılmış ən iri abidəni – “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edəcəklər.

Sosial 2019-05-23 16:59:00