×
A
A
A
Sazlamalar

Nəsimi öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli sənətkar olub

Qəbələ, 23 may, Mustafa Dadaşov, AZƏRTAC
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi Qəbələ rayonunun ümumtəhsil müəssisələrində silsilə tədbirlərlə qeyd olunur. Növbəti tədbir şəhər 5 saylı tam orta məktəbdə reallaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində məktəbin direktoru Zərnişan Ağamirzəyeva Nəsiminin yaradıcılığı barədə geniş məlumat verib. Bildirilib ki, İmadəddin Nəsimi öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olub. Onun ana dili ilə yanaşı, ərəb və fars dillərində müxtəlif janrlarda yazdığı şeirlər şairin adının öz vətənindən çox-çox uzaqlarda, bütün yaxın Şərqdə şöhrətlənməsinə səbəb olub.
Nəsiminin həyatı barədə məlumat verən məktəbin müəllimi Şəfiqə Atayeva şairin Şamaxıda kamil təhsil aldığını, klassik Şərq və qədim yunan fəlsəfəsini, həmçinin ədəbiyyatını dərindən mənimsədiyini, İslamın və xristianlığın əsaslarına yaxından bələd olduğunu, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələndiyini diqqətə çatdırıb.
Məktəbin müəllimi Ruhanə Ağayeva böyük mütəfəkkirin yaradıcılığından söz açaraq, şairin özündən sonra zəngin bir irs qoyub getdiyini, insanı, insan ləyaqətini qüdrətlə tərənnüm etdiyini bildirib.
Məktəbin müəllimi Abgül Cancanova dahi şairin dini-fəlsəfi görüşləri barədə məlumat verib.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova Nəsiminin hər üç dildə yazdığı şeirlərin bədii cəhətdən sənətkarlıqla işləndiyini, öz şeirlərində cahil insanları tənqid etdiyini, insanları həyat gözəlliklərindən ilham almağa, müasirlərini həyat və kainatın sirlərini öyrənməyə, mövcud ictimai-siyasi, dini qaydalara açıq gözlə baxmağa çağırdığını diqqətə çatdırıb.
Sonda məktəbin şagirdlərinin “Nəsimi” filminin süjeti əsasında hazırladıqları səhnəcik nümayiş etdirilib.

Regionlar 2019-05-23 16:29:00