×
A
A
A
Sazlamalar

Tovuzda ikigünlük konfrans işini “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib

Bakı, 22 may, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən konfrans işini mayın 22-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizdə dini radikalizmlə mübarizə sahəsində görülən işlərdən bəhs ediblər. Çıxışlarda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətlərindən danışılıb.
DQİDK sədrinin müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizm haqqında məlumat verərək onlara qarşı mübarizə üsullarından danışıb. Bildirib ki, dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclər olduğundan, bu kontingentlə sıx təmasda olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır.
O vurğulayıb ki, Azərbaycanda dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri müsbət nəticəsini verməkdədir. Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin ölkəmizin tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Din 2019-05-22 17:16:00