×
A
A
A
Sazlamalar

Cavid Osmanov: Bölgələrdə bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur

Bakı, 22 may, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icra olunduğu 2004–2018-ci illərdə ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramlarının icrası nəticəsində bölgələr sürətlə inkişaf edir, bütün infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur. Görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov deyib.
Onun sözlərinə görə, proqramların icra olunduğu dövr ərzində dövlətimizin başçısı 1800-dən çox infrastruktur obyektinin açılış və təməlqoyma mərasimlərində iştirak edib, rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək Sərəncam imzalayıb: “Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb. Təsadüfi deyil ki, Dünya Bankının "Doing Business 2019" hesabatına görə Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, ən çox islahat aparan ölkə elan olunub”.
Deputat bildirib ki, 2004-2018-ci illərdə orta aylıq əmək haqqı 7 dəfə, orta aylıq pensiyalar 9,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 2004-cü ildəki 44,7 faizdən 2018-ci ildə 5,1 faizə düşüb. Ölkəmizdə sənaye parkları və məhəllələri yaradılıb.
“Dövlət proqramları çərçivəsində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də prioritet istiqamətlərdəndir”, - deyən C.Osmanov qeyd edib ki, aqrar sahə vergilərdən azad edilib, subsidiyalar, güzəştli kreditlər verilir, digər dövlət dəstəyi mexanizmləri tətbiq olunur, infrastruktur yaxşılaşdırılır, dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr reallaşdırılıb. Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması da bu hədəflər arasındadır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, hazırda 33 rayon üzrə 258,3 min hektar ərazidə 51 aqroparkın, o cümlədən 17 müasir cins heyvandarlıq kompleksinin və 34 iri bitkiçilik təsərrüfatlarının yaradılması üzrə işlər sürətlə davam etdirilir.
Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşıb, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artıb. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına bu günədək ölkə üzrə layihələrinin ümumi dəyəri 5 milyard manat olan 35600-dən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 165 mindən çox yeni iş yeri açılıb. Verilmiş güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına təmin edilib. Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşür.
Deputat qeyd edib ki, 2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı cəmi 96 ədəd idisə, Dövlət proqramlarının icrası nəticəsində belə obyektlərin sayı artaraq 560-ı keçib. Bunun da 400-dən çoxu regionlarda fəaliyyət göstərir. Hazırda regionlarda yeni mehmanxanaların tikintisi istiqamətində işlər uğurla davam etdirilir. Bunun nəticəsidir ki, son 15 ildə turizmin inkişafı sahəsində böyük artım qeydə alınıb.
“Ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində də əhəmiyyətli tədbirlər görülüb, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi uğurla davam etdirilib, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Beləliklə, görülən işlər nəticəsində Azərbaycan ərazisindən keçməklə daşınacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artacaq və bu da öz növbəsində, qeyri-neft sektorunun inkişafına təkan verəcək. Bundan başqa, 2018-ci il mayın 14-də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin də açılışı olub. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan, ölkədən çıxan və tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verəcək. Həmçinin son 15 ildə regionlarda 6 hava limanı tikilib və yenidən qurulub, respublika və yerli əhəmiyyətli 15 min kilometr yolda təmir-tikinti işləri aparılıb, 436 ədəd körpü və tunel tikilib və təmir olunub”, - deyə Milli Məclisin deputatı bildirib.
Elektrik enerjisi və təbii qazla təminat sahəsində görülən işlərdən də danışan C.Osmanov qeyd edib ki, əhalinin elektrik enerjisinə olan tələbatını daha dolğun təmin etmək məqsədilə son 15 ildə regionlarda 28 elektrik stansiyası istifadəyə verilib, 45 min kilometrdən artıq elektrik xətti çəkilib, 1650-dən çox yarımstansiya quraşdırılıb və ya təmir olunub. Həmçinin bu dövrdə regionlarda 56,2 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1800-dən çox yaşayış məntəqəsi təbii qazla təmin edilib, regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 95 faizə çatıb.
Bundan başqa, son 15 ildə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunub.
“Bütün bunlara Dövlət proqramlarının uğurlu icrası sayəsində nail olunub. Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət proqramının icrası isə yarımçıq qalmış işlərin başa çatdırılmasına, rayonlarda yaşayan insanların sosial rifahının daha da yaxşılaşmasına təkan verəcək, bütövlükdə ölkəmizin inkişafına xidmət edəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Regionlar 2019-05-22 15:20:00