×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycanda həyata keçirilən islahatlar vətəndaşların rifahının daha da yaxşılaşmasına xidmət edir

Bakı, 22 may, AZƏRTAC

Son illərdə Azərbaycanda həyata keçirilən dərin iqtisadi islahatlar ölkədə əlverişli biznes mühitinin inkişafına xidmət edir. İqtisadi inkişafın son məqsədi vətəndaşın daha yaxşı yaşamasını təmin etməkdir. Əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib. Deputat qeyd edib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar əldə olunan gəlirlərin vətəndaşın rifahının daha da yaxşılaşmasına istiqamətlənib. Ölkəmizdə qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir.
Deputat vurğulayıb ki, Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi Azərbaycanda formalaşıb. Azərbaycan iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Dünya Bankının biznes mühitinə dair hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdədir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.
Aydın Hüseynov bildirib ki, Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi, sahibkarlara və iş adamlarına dövlətin güzəştli kreditlər verməsi sənayenin və kənd təsərrüfatının inkişafına səbəb olur. Dövlət investisiyalarının artırılması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi onu deməyə əsas verir ki, hökumət neftdən gələn gəlirlərdən olduqca səmərəli istifadə edir. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə sərmayənin yatırılmasına gətirib çıxarıb. Son 15 il ərzində Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Azərbaycanda mövcud olan sərmayə mühiti xarici investorları həvəsləndirir. Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılıb. Əhalinin sayı isə 1,6 milyon artıb. Bu da inkişafın bir göstəricisidir.

Siyasət 2019-05-22 15:07:00