×
A
A
A
Sazlamalar

Naxçıvan komandası cüdo üzrə beynəlxalq turnirin qalibi olub

Naxçıvan, 22 may, AZƏRTAC
May ayının 21-də Naxçıvanda keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirin açılış mərasimi olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə qonaqlar ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Turnirin açılış mərasimində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nicat Şıxəlizadə yarış iştirakçılarını və tamaşaçıları salamlayaraq qeyd edib ki, bu, cüdo üzrə yeniyetmələr arasında keçirilən ikinci beynəlxalq turnirdir. O vurğulayıb ki, bu gün ölkəmizdə dövlətimizin başçısı tərəfindən idmana və idmançılara böyük diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarını beynəlxalq turnirin açılışı münasibətilə təbrik edərək bildirib ki, Ulu Öndərimizin əsasını qoyduğu dövlət gənclər və idman siyasəti bu gün dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Nazir müavini bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. O vurğulayıb ki, Naxçıvan ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin və yarışların keçirildiyi bir məkan kimi tanınıb. Naxçıvan idman məktəbinin yetirmələri bu gün ölkəmizi beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edir, yüksək nəticələr qazanırlar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxışında əlamətdar idman yarışı münasibətilə tədbir iştirakçılarını və bütün idmançıları təbrik edərək bildirib ki, bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirə start verilir. Ümummilli liderimiz Heydər Əliyev daim idmanın inkişafının qayğısına qalıb, Azərbaycanda idman hərəkatı geniş vüsət alıb, gənclərin idmana cəlbi istiqamətində kompleks tədbirlər görülüb. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azər Zeynalov diqqətə çatdırıb ki, muxtar respublikada da gənclərin fiziki hazırlığı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun himayə və qayğısı ilə muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılıb, iki Olimpiya İdman Kompleksi və yüzlərlə digər idman obyekti istifadəyə verilib, idmanın müxtəlif növləri üzrə federasiyalar yaradılıb. İdmanın kütləviliyinin təmin edilməsi sahəsində aparılan işlər gənclərin idmana marağını artırıb, istedadlı idmançıların yetişməsinə səbəb olub. Nəticə isə göz önündədir: idmançılarımız beynəlxalq yarışlarda Naxçıvanı uğurla təmsil edirlər.
Federasiya sədri vurğulayıb ki, muxtar respublikada digər idman növləri ilə yanaşı, cüdo da inkişaf etdirilir, idmanın bu növü üzrə beynəlxalq turnirlər təşkil olunur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirə də böyük maraq vardır. Turnirdə 4 ölkədən 100-ə yaxın idmançı mübarizə aparacaq.
Azər Zeynalov yarışların sağlam idman mübarizəsi şəraitində keçəcəyinə və yarış iştirakçılarına ölkələrini layiqincə təmsil edəcəyinə əminliyini bildirib, turniri açıq elan edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Cüdo üzrə beynəlxalq turnirin açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifaları alqışlarla qarşılanıb.
Daha sonra final görüşlərinə start verilib.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə dörd ölkənin – Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstanın 9 komandasının ümumilikdə 100-ə yaxın cüdoçusu tatami üzərinə çıxıb. Üçüncü yerlər uğrunda görüşlərdə Gürcüstan komandası Bakı komandasına, Qəbələ komandası isə Rusiya komandasına qalib gələrək bürünc medal qazanıb.
Final görüşündə Naxçıvan komandası Sumqayıt komandasını məğlub edərək beynəlxalq turnirin qalibi olub.
Sonda qaliblərə diplom, medal və kubok təqdim olunub, xatirə şəkli çəkdirilib.

Regionlar 2019-05-22 12:15:00