×
A
A
A
Sazlamalar

Babək Rayon Mərkəzi Xəstəxanasında kompleks mülki müdafiə təlimi keçirilib

Babək, 21 may, AZƏRTAC

Babək Rayon Mərkəzi Xəstəxanasında “Təbii fəlakətlər zamanı kütləvi zədələnmə ocaqlarında xilasetmə işlərinin aparılması zamanı əhalinin və mülki müdafiə qüvvələrinin tibbi təminatının təşkili” mövzusunda keçirilən kompleks mülki müdafiə təlimi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, plana uyğun olaraq təlim iki mərhələdə həyata keçirilib. Birinci mərhələdə Babək Rayon Mərkəzi Xəstəxanasının fövqəladə hallarda fəaliyyət planının reallığı, fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına cəlb olunan orqanların və tibb qüvvələrinin hazırlığı yoxlanılıb.
Təlimə hazırlıqla bağlı tibb qüvvələrinin və obyekt mülki müdafiə dəstələrinin hər bir üzvünün tabel təchizatı üzrə fərdi və tibbi mühafizə vasitələri ilə, zəruri dərman preparatları, fərdi dərman qutuları, sarğı materialları, xüsusən də güclü təsiredici zəhərli maddələrdən qorunmaq üçün xüsusi profilaktika vasitələri ilə təchizatına baxış keçirilib. Təlim iştirakçılarına müxtəlif müdaxilələr təqdim edilərək şərti zədələnmə ocağında qəbul-çeşidləmə məntəqəsinin, ixtisaslaşdırılmış tibbi yardım briqadalarının hazırlığına qiymət verilib.
İkinci mərhələnin birinci təlim yerində Babək rayonu ərazisində baş verə biləcək təbii və texnogen fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı zərərçəkənlərə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsinin təşkili, yoluxma ocaqlarında sanitar-gigiyenik və əksepidemik tədbirlərin həyata keçirilməsi məsələləri diqqətdə olub.
Keçirilən kompleks mülki müdafiə təlimində Babək Rayon Mərkəzi Xəstəxanasının 15 nəfərdən ibarət yüksək hazırlıqlı travmatoloji, cərrahi və yanıq əleyhinə briqadaları, 26 nəfərdən ibarət obyekt mülki müdafiə dəstələri, 3 təcili tibbi yardım avtomobili, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin ixtisaslaşdırılmış qurumlarının 7 nəfərdən ibarət komandir-rəis heyəti iştirak edib.
Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi Babək Rayon Mərkəzi Xəstəxanasının fövqəladə hallara hazırlıq vəziyyətini yoxlamaq, rayon ərazisində ehtimal olunan fövqəladə hallar zamanı zədələnmə (zəhərlənmə) ocaqlarında həkiməqədərki və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üzrə tibb qüvvələrinə təcrübə qazandırmaq, “xüsusi dövr”də xəstəxananın dayanıqlı işinin təmin edilməsi və işçilərin mühafizəsinin təşkili üzrə rəhbər, komandir-rəis heyətinin bacarığını təkmilləşdirməkdən ibarət olub.

Regionlar 2019-05-21 16:22:00