×
A
A
A
Sazlamalar

“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 21 may, AZƏRTAC
Mayın 20-də Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə müsabiqədə iştirak edən 12 yaşa qədər uşaqların 160 əsəri nümayiş edilir.
Sərginin açılışından öncə qonaqlara müsabiqə haqında məlumat verilib. Bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
“Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunub.
Müsabiqəyə qatılan 12 və 12-17 yaşarası uşaqların ümumilikdə 1065 əsəri daxil olub. İlkin seçimdə 12 yaşa qədər uşaqların 160, 12-17 yaşarası uşaqların isə 170 əsəri sərgilənmək üçün seçilib.
Sərgi çərçivəsində qaliblər diplomlarla təltif olunub.
Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

 

İncəsənət 2019-05-21 09:55:00