×
A
A
A
Sazlamalar

“Elektron icra” sisteminin tətbiqinin genişləndirilməsi mövcud çətinliklərin aradan qaldırılmasında mühüm məsələlərdəndir

Bakı, 20 may, AZƏRTAC
Son dövrdə ölkəmizdə məhkəmə-hüquq sistemi sahəsində uğurlu islahatlar aparılır. Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Fərmanın bu sahədə reallaşdırılan islahatların əhatəsinin genişləndirilməsi və sürətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Vəkillər Kollegiyasi Rəyasət Heyətinin Aparat rəhbərinin müavini Anar Əsədov Fərmanın əhəmiyyəti ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib ki, sənəddə məhkəmə-hüquq sistemində şəffaflığın artırılması ilə bağlı önəmli məqamlar yer alıb. Bunlardan ən vacibi məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsinin əksini tapmasıdır. Fərmanın 7.1-ci bəndində məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyənləşdirilən müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması qeyd olunub. Mübahisə predmetinə çevrilmiş məsələnin məhkəmənin yekun qərarı, habelə digər orqanların qərarı əsasında icra edilməsi onun gözləntisinin nəticəsidir. Xeyrinə qərar qəbul edilmiş şəxs – tələbkar həmin qərarın qanunla müəyyən edilmiş müddətdə icrasına nail olması üçün bəzən təcrübədə çətinliklərlə qarşılaşmalı olur. İcra prosesi könüllü qaydada baş tutmadıqda həmin prosesin yerinə yetirilməsi üçün tələbkarın hüquq və mənafeyini müdafiə edən vəkilin də rolu qaçılmazdır. Tələbkarın qarşılaşdığı çətinliklərin aradan qaldırılması üçün hüquqi müstəvidə vəkil mütəmadi olaraq icra qurumundan qərarın icra prosesinin başa çatdırılmasını tələb etmək məcburiyyətində qalır.
“Qərarların vaxtında icra edilməsi, xüsusilə də “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi icra prosesi sahəsində çətinliklərin aradan qaldırılmasına yönələn əhəmiyyətli məsələlərdəndir. Belə ki, tələbkarın icra qurumu ilə birbaşa təmas olmadan icranın gedişi və nəticəsi barədə informasiya sistemləri vasitəsilə məlumat əldə imkanına malik olması həm vaxt itkisinin, həm də digər neqativ halların qarşısının alınmasına mühüm təsir göstərəcək”, - deyə A.Əsədov bildirib.

Sosial 2019-05-20 17:21:00