×
A
A
A
Sazlamalar

® «Gazelli Art House» Bakı qalereyasında Stenli Kasselmanın “İşıq labirintləri” adlı sərgisi açılıb

“Gazelli Art House” Bakı qalereyasında amerikalı rəssam Stenli Kasselmanın “İşıq labirintləri” adlı sərgisi açılıb. Deyvid Anfamın kuratorluğu ilə keçirilən bu sərgi Stenli Kasselmanın dörd illik axtarış və yaradıcılığının nəticəsidir. Sərgi beş ay ərzində - noyabra kimi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu sərgi Kasselmanın “Gazelli Art House” Bakı qalereyasında keçirilən ikinci fərdi sərgisidir və rəssamın Tezlik, Adsız-Mövcudluq, Bir Gün və Maye seriyalarından olan bəzi əsərlərini özündə cəmləşdirir.
Karyerası boyunca Kasselmanın bütün işləri işıq xüsusiyyətlərinin füsunkarlığı ilə dolub. 25 il əvvəl Vestminster abbatlığının vitraj şüşələrindən ilhamlanan Kasselman arxa fonu işıqlı şəkillər yaratmaqla öz bədii fəaliyyətinə başlayıb. Daha sonra isə o diqqətini poliefir ekranlı işlərinə fokuslayaraq bu sahədə novatora çevrilir. "Ağlımdan çıxmayan bir sadə fikir - İnnovasiya və ya ölüm. Eyni şeylərə təkrar-təkrar düzəlişlər etmək bəzən məni dəhşətli dərəcədə yorur. Məhz buna görə mənim sənət əsərlərim daim inkişaf prosesindədir”, - deyə
Stenli Kasselman bildirib.
Kasselman təpələr, vadilər, zirvələr və çökəkliklərlə dolu cəsarətli, geniş miqyaslı, abstrakt şəkilləri ilə işığın müxtəlif xüsusiyyətlərini əks etdirir. Tezlik və Adsız-Mövcudluq seriyasından olan bu rəngarəng labirintlər səthi gərginliyi və abstraktlığı orijinal üsul ilə çatdırır. Kasselmanın şəxsən düzəltdiyi alətlər ilə, böyük zəhmət tələb edən proses səth üzərində qat-qat salınan boyalardan ibarətdir. Məsələn “Bir Gün” seriyasında olduğu kimi. Nəticədə əsərlər həm minimalist, həm də rəng, xətt və formanın incə dəyişikliklərini göstərən detallarla zəngin olur.
Denverdə Still Clyfford Muzeyinin baş məsləhətçi kuratoru David Anfam deyir: "Maye seriyasından olan yeni kompozisiyalar sprey xromu kimi tanınan sənaye prosesini əks etdirir və onların hazırlanmasında gümüşü nitratın səthin üzərinə çəkilməsi üçün su əsaslı mayedən istifadə olunur və bu da öz növbəsində əsərlərin üzərində yansıtıcı güzgü effektinin yaranmasına gətirib çıxarır. Kasselmanın əllərində əsərlər işıq saçan, xəyali, labirint formalı landşaft içərisinə səyahətə çevrilir".
“Gazelli Art House” qalereyasının təsisçisi və rəhbəri Mila Əsgərova sərgi və rəssam barəsində deyib: “Biz bu çoxdan gözlənilən əməkdaşlığın nəticəsini Bakı qalereyasında təqdim etməkdən məmnunuq. İlk sərgimizin keçirildiyi 2014-cü ildən bu günə kimi Stenli davamlı olaraq yaradıcılığın və yaratdıqlarının sərhədlərini genişləndirərək nəticə etibarı ilə inanılmaz yüksəkliklərə çatıb”.
Stenli Kasselman 1963-cü il Arizona ştatının paytaxtı Finiks şəhərində doğulub. Onun əsərləri Los-Ancelesdəki yerləşən Fredrik R.Weisman İncəsənət Fondu, Kaliforniya ştatı, Yeni Orlean şəhərində Yeni Orlean İncəsənət Muzeyi, Luiziana və Türkiyənin İstanbul şəhərindəki Müasir İncəsənət Muzeyləri də daxil olmaqla dünya muzeyləri tərəfindən toplanılıb və nümayiş olunub.
David Anfam Denverdə Still Clyfford Muzeyinin baş məsləhətçi kuratoru və London İncəsənət Araşdırmaları MMC-nin icraçı direktorudur. Dr. Anfamın nəşrlərinə Mark Rothko – Kətan üzərində işləri: Kataloq Raisonné (1998) daxildir. Bu yaxınlarda Anfam Londonda Kral İncəsənət Akademiyasında Abstrakt Ekspressionizm sərgisinə kuratorluq edib (2016-2017).
“Gazelli Art House” Müasir İncəsənət Qalereyası, London və Bakıda yerləşən sərgi məkanları, habelə qlobal ictimai layihələr vasitəsilə geniş tamaşaçı kütləsinə çoxşaxəli və dinamik proqramları təqdim edərək, bir çox beynəlxalq səviyyəli rəssamları dəstəkləyir. 2003-cü ildə “Gazelli Art House” Bakıda təsis edilib və ilk olaraq bu məkanda Azərbaycan rəssamlarının iştirakı ilə sərgilər keçirib. Londonda konseptual baxımdan bir-biri ilə əlaqəli xarici sərgilər keçirəndən sonra, “Gazelli Art House” qalereyasının təsisçisi və rəhbəri Mila Əsgərova, 2012-ci ilin mart ayında Londonun məşhur Dauer küçəsində daimi sərgi məkanını təsis edib. 2017-ci ildə “Gazelli Art House” Bakıda tamamilə yenilənmiş məkanında yerli və beynəlxalq rəssamların iddialı, illik sərgi proqramları ilə yenidən öz qapılarını ziyarətçilər üçün açıb. Rəssamlıq, heykəltəraşlıq, interaktiv quraşdırmalar, fotoqrafiya və müxtəlif rəqəmsal incəsənət növləri də daxil olmaqla müxtəlif texnikalar ilə işləyən qalereyanın daima təmsil etdiyi rəssamlara Derek Boşyer, Aziz + Kuçer, Şarlotta Kolbert, Françesko Cudis, Kalliopi Lemos, Niyaz Nəcəfov, Risaykl Qrup, Stenli Kasselman və bir çox digərləri daxildir.

İncəsənət 2019-05-20 17:17:00