×
A
A
A
Sazlamalar

Elektron pulun tətbiqi imkanları müzakirə olunub

Bakı, 20 may, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Rusiya Mərkəzi Bankı arasında elektron pulun ölkədə tətbiqi imkanları müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində MBNP-də Rusiya Mərkəzi Bankının Milli Ödəniş Sistemi departamentinin direktoru Alla Bakina ilə görüş keçirilib. Görüşdə A.Bakina Rusiyada elektron ödənişlər sahəsində qanunvericilik bazası, həyata keçirilən islahatlar, ölkələr arasında pulköçürmə əməliyyatları, habelə maliyyə savadlılığı sahəsində reallaşdırılan layihələr barədə məlumat verib. Həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən isə bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi və ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi sahəsində görülən tədbirlər barədə danışılıb.
Rəqəmsal bankçılıq və elektron ödənişlər sahəsində ətraflı müzakirələrin aparıldığı görüşdə innovativ ödəniş həllərinə və elektron pulun ölkədə tətbiqi imkanlarına toxunulub, gələcək dövrdə qarşılıqlı əməkdaşlığın zəruriliyi qeyd edilib.

Maliyyə 2019-05-20 15:26:00