×
A
A
A
Sazlamalar

Yuxarı sinif şagirdləri və valideynlər Sumqayıt Dövlət Universiteti ilə tanış olublar

Sumqayıt, 18 may, Ətrabə Rzayeva, AZƏRTAC

Mayın 18-də Sumqayıt Dövlət Universitetində (SDU) şəhər orta məktəblərinin yuxarı sinif şagirdləri və valideynləri üçün ənənəvi olaraq “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov şagirdlərlə görüşüb. Bildirilib ki, belə ekskursiyalar artıq ənənə halı alıb. Bu kimi tədbirlər vasitəsilə şagirdlər ixtisas seçimini müəyyənləşdirir, gələcəkdə hansı təhsil müəssisəsinin tələbəsi adını qazanmaq qənaətinə gəlir, seçdikləri ixtisasların əmək bazarında yerini təyin edir.
Prorektor şagirdlərə universitet, onun perspektivləri və üstünlükləri haqqında ətraflı məlumat verib. Bildirilib ki, Sumqayıtın yeganə ali məktəbi Rusiya, Türkiyə, Macarıstan, Avstriya, Finlandiya, İspaniya, İsveç, Litva, Almaniya, Polşa, Qazaxıstan, Gürcüstan və digər ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq edir. Tələbələr istehsalat təcrübələrini respublikanın aparıcı müəssisələri ilə yanaşı, Türkiyənin İzmir şəhərində yerləşən “Petkim Petrokimya Holdinq A.Ş”də və Rusiyanın nüfuzlu universitetlərində keçirlər. Universiteti bitirmiş minlərlə məzun müxtəlif idarə, müəssisə, təşkilatlarda yüksək vəzifələrdə çalışır.
Universitet haqqında ətraflı məlumat alan şagirdlər xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan Mərkəzdə, fakültələrdə, yeni cihaz və avadanlıqlarla, “ağıllı lövhə”lərlə təmin edilmiş auditoriyalarla, laboratoriyalarla, müasir və zəngin ədəbiyyatlarla təchiz olunmuş kitabxanada yaradılan şəraitlə yaxından tanış olublar.

Regionlar 2019-05-18 16:44:00