×
A
A
A
Sazlamalar

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi yeni layihəyə start verib

Bakı, 16 may, AZƏRTAC 

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə üç ay ərzində “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” layihəsini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, mayın 16-da layihənin təqdimatına həsr olunmuş mətbuat konfransında təşkilatın sədri və layihənin rəhbəri Tahir Xudiyev layihənin icrası zamanı əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri və Milli qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin öyrənilərək müsbət həllinə nail olunacağını, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işlərinin də aparılacağını qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəvanə Əsgərzadə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Nəsibə Əsgərova, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Azadi Quliyev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Tofiq Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Anar Məcidzadə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Cahangir Atakişiyev, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc əhalinin həssas qruplara aid olan vətəndaşların sosial problemlərinin həlli yolunda həyata keçirilən bu layihənin vacibliyindən danışıb və layihənin icraçılarına uğurlar arzulayıblar. Çıxış edənlər, həmçinin lazım gələrsə, ictimai birliyin bu sahədə gördüyü işlərə təmsil etdikləri dövlət qurumları tərəfindən dəstək göstəriləcəyini də diqqətə çatdırıblar.
Təşkilatın İdarə Heyətinin üzvü, tibb xidməti polkovniki İlham Sadıqzadə yalnız layihə ərzində deyil, eləcə də layihədən kənar vaxtlarda da ictimai birliyin əhalinin həssas sosial qruplarına aid olan vətəndaşlara göstərdiyi tibbi, hüquqi və psixoloji yardımlardan danışıb.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin İdarə Heyətinin üzvü Məlahət Abdullayeva çıxış edərək layihənin yekununda həmin kateqoriyalı insanların həyata adaptasiyası və reabilitasiyası ilə bağlı əlavə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirib.

Sosial 2019-05-16 15:42:00