×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Almaniyanın Türingen federal torpağı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Berlin, 15 may, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Türingen federal torpağına işgüzar səfər edib. Səfir Türingen Dövlət Administrasiyasında federal torpağın baş naziri Bodo Ramelov, Türinqen Landtaqında qurumun prezidenti Birqit Dizel və Erfurt şəhər bələdiyyəsində şəhərin baş meri Andreas Bauzevayn ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Almaniya arasında münasibətlərin 200 illik tarixi və bu günü barədə fikir mübadiləsi aparılıb. İki ölkə arasında ən yüksək səviyyədə intensiv siyasi dialoqun olduğu, müxtəlif sahələrdə uğurlu əməkdaşlıq aparıldığı və Almaniyanın Federal Kansleri Angela Merkelin ötən ilin avqustunda Azərbaycana səfərinin ikitərəfli münasibətlərdə yeni dinamika yaratdığı qeyd edilib. Bu xüsusda Azərbaycan və Türingen federal torpağı arasında əlaqələr müzakirə edilib, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə böyük əməkdaşlıq potensialının mövcud olduğu vurğulanıb. Səfir ölkəmizlə daha yaxından tanış olmaq və əməkdaşlıq imkanlarına dair müzakirələri davam etdirmək üçün Türingen rəsmilərini Azərbaycana səfərə dəvət edib.
R.Həsənov Azərbaycanın milli maraqlara söykənən xarici siyasəti, beynəlxalq əməkdaşlığı, Avropa və Almaniyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, həyata keçirdiyi nəhəng regional layihələr barədə məlumat verib. Səfir, həmçinin Azərbaycanın yerləşdiyi regionun geosiyasi çətinliklərindən danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan R.Həsənov torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsini, işğalın nəticələrini, eləcə də münaqişənin regiondakı inkişaf və əməkdaşlıq üçün yaratdığı maneələri qeyd edib.
Görüşlərdə Azərbaycanda hökm sürən multikulturalizm və dini tolerantlıq mühiti, ölkəmizin beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqun dərinləşməsi üçün göstərdiyi səylər və həyata keçirdiyi mötəbər tədbirlər yüksək qiymətləndirib. Həmçinin Azərbaycanda dünyəvi və demokratik dövlətçilik ənənələri, gender bərabərliyi, qadın hüquqları, qadınların cəmiyyətdəki fəal rolu məmnunluqla vurğulanıb.
Səfir Erfurtun tarixi və şəhər bələdiyyəsinin yerləşdiyi tarixi bina ilə tanış olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Siyasət 2019-05-15 16:42:00