×
A
A
A
Sazlamalar

“ASAN Viza” vasitəsilə hava limanlarında 376 mindən çox turistə viza verilib YENİLƏNİB VİDEO

Bakı, 15 may, AZƏRTAC
Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir. Həmçinin “ASAN Viza” vasitəsilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Mərkəzin direktoru bildirib ki, hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə vaxtını alır. Yeddi dildə fəaliyyət göstərən özünəxidmət terminalları və “ASAN Viza” əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində, ölkəyə gələn əcnəbilərə vizaların verilməsinə dəstək göstərir.
Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. “ASAN Viza” fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə viza verilib. Bura həm www.evisa.gov.az portalı vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir. Hava limanlarında 376 mindən çox turistə viza verilib.
Bu il Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72 faiz artıb.
Elektron “ASAN Viza” turistlərə ölkəmizdə 30 gün ərzində qalmağa imkan verir və birgirişli vizadır. Yaxın vaxtlarda bu viza multiviza, yəni çoxgirişli viza ilə əvəz olunacaq. Turistlər çoxgirişli viza ilə ölkəmizdə daha uzun müddətdə qala biləcək və həmin vizadan bir neçə dəfə istifadə edə biləcəklər.
Hazırda UEFA Avropa Liqasının finalı ilə bağlı işlər davam edir. “ASAN Viza” əməkdaşlarının finala sayılı günlər qalmış gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri planlaşdırılır. Həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb, gəliş vizalarının verilməsi proseduru sadələşdirilib, UEFA Avropa Liqasının finalı ilə bağlı vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.
Azərbaycan ərazisində yerləşən beynəlxalq hava limanlarında vizaların verilməsi “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli Fərmanına əsasən 2018-ci il 15 may tarixindən “ASAN Viza” tərəfindən həyata keçirilir.

Sosial 2019-05-15 12:46:00

Video