×
A
A
A
Sazlamalar

Andrey Arşavin: Mən əminəm ki, bu, UEFA Avropa Liqası üçün çox gözəl final olacaq

Moskva, 13 may, AZƏRTAC

Mən əminəm ki, Bakı istər komandaları, istərsə də azarkeşləri mehribanlıqla qarşılayacaq və bu, UEFA Avropa Liqası üçün çox gözəl final olacaq.
Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində məşhur futbolçu, Rusiyanın Əməkdar idman ustası Andrey Arşavin söyləyib.
O deyib: “Düşünürəm ki, uzaq məsafəyə uçuş komandaların yeganə çətinliyi olacaq. Qalanları heç nə ilə fərqlənmir. Bir ay əvvəl mən Bakıdakı stadionda oldum. Böyük müasir stadiondur. Söz verdilər ki, meydanın keyfiyyəti yüksək səviyyədə olacaq. Futbolçular üçün ən başlıcası da elə budur”.
Bakıda turistə lazım olan hər şeyin olduğunu vurğulayan futbolçu deyib: “Çox gözəl və təmiz şəhərdir, hər dəfə ora səfər edəndə daha yaraşıqlı olduğunu görürəm. Gözəl Xəzər, dadlı yeməklər.... Turistə lazım olan nə varsa, hamısı Bakıda var”.
Azərbaycan futbolundan danışan A.Arşavin “Qarabağ” klubunun oyununu fərqləndirərək qeyd edib: “Komandanın Çempionlar Liqasının qrup mərhələsinə çıxması Azərbaycan üçün böyük nailiyyətdir”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2019-05-13 22:11:00