×
A
A
A
Sazlamalar

Lənkəran rayonunda əhaliyə pulsuz hüquqi yardım göstərilib

Bakı, 13 may, AZƏRTAC 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Lənkəran rayonunda ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər veriblər. Vəkillər vətəndaşları narahat edən məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

Sosial 2019-05-13 17:27:00