×
A
A
A
Sazlamalar

Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli kampaniya aparan qüvvələr bu dəfə də məqsədlərinə çata bilməyəcəklər

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmiz demokratik inkişaf yolunda islahatları ardıcıl olaraq davam etdirir. Eləcə də Azərbaycan transmilli layihələr həyata keçirməklə beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar isə anti-Azərbaycan mərkəzləri narahat edir.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, bir neçə gündür Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Budəfəki qarayaxma kampaniyasının mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa liqasının final oyunu olduğunu deyən deputatın sözlərinə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürürlər. Məqsəd isə beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmaqdır. Amma bütün bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan ictimaiyyəti xaricdəki anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub. Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi ərəfəsində Azərbaycan qarayaxma kampaniyasının hədəfi olub və bu kampaniyalar iflasa uğrayıb. Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi bütün dünyaya məlumdur. Eləcə də sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sıradadır. Azərbaycan sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri bundan sonra da ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Dünyada ən böyük tamaşaçı auditoriyası olan Formula 1 yarışları bir neçə ildir ki, Bakıda keçirilir. Beynəlxalq ictimaiyyət bunu yüksək dəyərləndirir. Eləcə də 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi 13 şəhərin arasında Bakının da adı var. Bu da ölkəmizə göstərilən böyük etimaddır. Bu mənada, UEFA Avropa Liqasının final oyunları da yüksək səviyyədə təşkil ediləcək. Bütün bunların fonunda aparılan qərəzli kampaniyalar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən çox narahatdırlar. Avropa Liqasının final oyunu ərəfəsində bu cür kampaniyalar Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür. Lakin bu dəfə də həmin dairələr məqsədlərinə çata bilməyəcəklər”, - deyə S.Fətəliyeva vurğulayıb.

Siyasət 2019-05-13 16:03:00