×
A
A
A
Sazlamalar

UEFA Avropa Liqasının final oyunu ilə bağlı qarayaxma kampaniyası Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür

Bakı, 13 may, AZƏRTAC

Bir neçə gündür ki, Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr ölkəmizə qarşı növbəti çirkin kampaniyaya başlayıblar. Bu qarayaxma kampaniyası mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də daxil olmaqla, bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür, beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar.
Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub.
Mühüm enerji və nəqliyyat layihələrinin reallaşdırılması, qlobal xarakterli tədbirlərin keçirilməsi, 2012-ci ildə Avroviziya, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və digər tədbirlər ərəfəsində Azərbaycan qərəzli təşkil olunmuş qarayaxma kampaniyasının hədəfi olub.
Hazırda irəli sürülən iddialar hansılardır?
Bəzi dairələr insan hüquqları, qanunun aliliyi məsələsini qabardırlar. Lakin Azərbaycan dəfələrlə sübut edib ki, bu iddiaların heç bir əsası yoxdur. Qərb ölkələrinin özündə belə hallar kifayət qədərdir.
İddia olunur ki, viza rejimi problem yaradır. Ancaq Azərbaycanda sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şərait yaradır.
Otellərin baha olması iddiasının da heç bir əsası yoxdur. Çünki Bakıda 20-30 dollardan başlayaraq daha yüksək qiymətlərə otellər on minlərlə idman azarkeşini qəbul etməyə imkan yaradır.
Uçuş biletlərinin qiymətinin yüksək olması iddiasına gəlincə, Azərbaycan Hava Yolları - AZAL hazırda Böyük Britaniyaya və geriyə reyslərə beynəlxalq mülki aviasiyada mümkün olan ən aşağı qiymətlərdən başlayaraq qiymətlər tətbiq edir. AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır.
“Arsenal” klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanla bağlı iddia da tam əsassızdır. Bu futbolçunun Azərbaycana gəlməsində heç bir problem yoxdur və Azərbaycan hökuməti ona ən yüksək təhlükəsizlik zəmanəti verib. Məlumdur ki, əvvəllər də erməni idmançılar Azərbaycana gəliblər, hətta Prezident İlham Əliyev onlara şəxsən mükafat təqdim edib və heç bir insident, xoşagəlməz hal qeydə alınmayıb.
Sabitliyə və cinayətkarlığın səviyyəsinin aşağı olmasına görə Azərbaycan dünyanın ən əlverişli ölkələri ilə bir sırada durur.
Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir.
Azərbaycan əvvəlki dövrdə də sübut edib ki, istənilən böyük beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir.
UEFA finalının vaxtı və yeri təyin olunanda heç kim bu komandaların İngiltərəyə məxsus olacağını ehtimal etmirdi. Digər tərəfdən, təcrübə göstərir ki, bir çox hallarda finala çıxan komandalar oyunlarını öz vətənlərindən min kilometrlərlə uzaq ölkələrdə keçiriblər və heç vaxt belə iddialar irəli sürülməyib, qarayaxma kampaniyaları təşkil edilməyib.
Britaniyalıların özləri də yaxşı bilirlər ki, kifayət qədər çılğın və iğtişaşlar törətməyə meyilli olan ingilis fanatlar bir o qədər də arzuolunan qonaq deyillər. Buna baxmayaraq, Azərbaycan bütün məsələləri ən yüksək səviyyədə təşkil etməyə hazırdır və bunu dəfələrlə sübut edib.
Bütün bunlar göstərir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksəksəviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar.
Növbəti mühüm tədbir ərəfəsində heç bir əsası olmayan iddiaların irəli sürülməsi Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdür.
Bu növbəti çirkin kampaniya əvvəllər olduğu kimi, Azərbaycan ictimaiyyətində kəskin narazılıq yaradıb.

Siyasət 2019-05-13 12:03:00