×
A
A
A
Sazlamalar

Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Bakı, 10 may, AZƏRTAC

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Bakı Şəhər Baş Polis İdarəsində tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov mənalı ömrünü Vətəninə, canından artıq sevdiyi millətinə həsr edən Heydər Əliyevin heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycanın təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan dövlətə çevrildiyini vurğulayıb. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləyirdi. Məhz belə bir dövrdə - dövlətçilik, müstəqillik təhlükə qarşısında qalanda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi.
Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir” mövzusunda məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, milli dövlətçilik mədəniyyətinin formalaşdırılması dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda Heydər Əliyev irsinin milli sərvətə çevrilməsi onun tarixi xidmətlərinin məntiqi nəticəsidir. Ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra çox böyük çətinliklərlə üzləşdiyi bir dövrdə Heydər Əliyev Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaqlarımızın müdafiəsi uğrunda polislər də vuruşurdular, şəhidlər verirdilər. Ulu Öndər Azərbaycan polisinin bu dövrdəki xidmətlərini həmişə çox yüksək qiymətləndirib.
Qeyd olunub ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlandı. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Ümummilli lider Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, vacib qanunlar, hüquqi-aktlar qəbul edildi. İnsan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən onlarla qanun, 100-dən çox fərman və sərəncam imzalandı.
Polis general-mayoru Elxan Həsənov tədbirə yekun vuraraq bildirib ki, uğurla reallaşdırılan Heydər Əliyevin hüquq-mühafizə strategiyasının nəticəsi olaraq ötən illərdə ölkəmizdə tarazlı və davamlı inkişafın təmin edilməsində ictimai-siyasi sabitlik cəmiyyətin həyat tərzinə çevrilib. Heydər Əliyevin layiqli siyasi davamçısı olan Prezident İlham Əliyev Ulu Öndərimizin arzularını bu gün uğurla reallığa çevirib.

Sosial 2019-05-10 12:42:00