×
A
A
A
Sazlamalar

Faşizm üzərində Qələbənin 74-cü ildönümü Respublika Veteranlar Təşkilatında qeyd edilib

Bakı, 9 may, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Müdafiə Nazirliyi faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə İkinci Dünya müharibəsi veteranları üçün təntənəli bayram tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi tərəfindən quraşdırılmış səyyar mətbəx və Böyük Vətən müharibəsi dövrünə aid hərbi geyimdə olan əsgər və zabitlər veteranlara nostalji hisslər yaşadaraq Qələbə bayramının sevincinə əlavə rəng qatıblar. Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səslənən müharibə, Vətən, qəhrəmanlıq, sevgi haqqında Böyük Vətən müharibəsi illərinin mahnıları bu ovqatı daha da artırıb.
Tədbirdə Müdafiə Nazirliyinin, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar, tələbələr, ziyalılar və gənclər iştirak ediblər.
Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov tədbir iştirakçılarını Qələbənin 74-cü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edib.
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əlamətdar gün münasibətilə bütün veteranları təbrik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki əvəzsiz xidmətlərindən və fədakarlığından danışıb. Bildirib ki, Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqının qəhrəmanlığı şanlı tariximizin parlaq səhifələrindəndir. Qələbə Gününün canlı yaddaşı isə veteranlardır. Veteranlar bu Qələbənin yükünü çiyinlərində daşıyıblar. Bu tarixin ən əlamətdar anı isə Qələbə Günüdür. Xalqımız haqlı olaraq öz veteranları ilə fəxr edir.
Veteranlar çıxışlarında onlara göstərilən diqqətə və qayğıya görə minnətdarlıq edib, keçdikləri döyüş yolu, həyatlarının ən keşməkeşli dövrü olan Böyük Vətən müharibəsi haqqında xatirələrini bölüşüblər. Onlar üçün hazırlanmış İkinci Dünya müharibəsini xatırladan ab-hava veteranlar tərəfindən məmnunluqla qarşılanıb. Veteranlar göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda, həmçinin Qələbə bayramını tezliklə işğal altındakı torpaqlarımızda da qeyd ediləcəyinə əminlik bildirilib.
Hərbi orkestrin, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin və “Cənab leytenant” patriot qrupunun ifasındakı musiqi proqramı veteranların bayram əhval-ruhiyyəsini daha da artırıb.

Sosial 2019-05-09 19:13:00