×
A
A
A
Sazlamalar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində müasir müstəqil Azərbaycan dövlətinin memarı və yaradıcısı Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.
Tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır. Müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarətdir ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz üçün məhv olma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırıb, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib.
Ümummilli liderin dəyanəti və cəsarəti, mətinliyi və zəkası sayəsində xalqımız zamanın bütün çətinliklərinə sinə gərib, təzyiq və təhlükələrdən xilas olaraq ictimai-siyasi sabitliyin bərqərar olunmasına, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə nail ola bilib. Bütövlükdə Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq bu günə qədər olan inkişaf tarixi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Dahi şəxsiyyətin Azərbaycanda siyasi hakimiyyətə qayıtdığı gün – 15 iyun tarixi Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi təntənəli şəkildə qeyd olunur.
Bildirilib ki, Ulu Öndərin 1993-cü il iyunun 15-də Azərbaycana xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytarıb və gələcəyə olan ümidlərini artırıb. Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olub, qısa müddətdə dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyulub, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edilib. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırılıb, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlər aradan qaldırılmaqla kriminogen durum sabitləşdirilib.
Azərbaycanda dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına hərtərəfli keçidi şərtləndirən yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanılıb. Yeni neft strategiyasının uğurla reallaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradılmış, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi, uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində inflyasiyanın artım tendensiyasının qarşısı alınıb, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-2003-cü illər ərzində Azərbaycan Respublikasında hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparılıb. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyulub, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olub.
Heydər Əliyevin dahiliyi, müdrikliyi və uzaqgörənliyi onun ideya və tövsiyələrinin reallığa əsaslanaraq zamanın sınaqlarından keçməklə Azərbaycan xalqının yeganə tarixi inkişaf yolunun müəyyən edilməsində, ölkə həyatının bütün sahələrinin davamlı olaraq inkişaf etməsində özünü göstərib. Bu tarixi şəxsiyyətin öz xalqı qarşısında ən böyük xidməti həm də ondan ibarət olub ki, ölkənin uzunmüddətli davamlı strateji inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı onu, özündən sonra müasir dövrün tələblərinə uyğun şəkildə yüksək peşəkarlıqla həyata keçirməyə qadir olan, hərtərəfli liderlik keyfiyyətlərinə malik, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi regionun qabaqcıl dövlətinə çevirib, həyata keçirdiyi sistemli islahatlarla respublikamızın davamlı tərəqqisini təmin edən xarizmatik və təşəbbüskar rəhbər, yüksək idarəçilik məharətinə, möhkəm siyasi iradə və qətiyyətə malik olan İlham Əliyev kimi layiqli davamçı hazırlayıb.
Qeyd edilib ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosialyönümlü dövlət siyasəti həyata keçirən Prezident İlham Əliyev daim müdrik qərarları, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı ciddi sınaqlardan, iqtisadi risklərdən və onların yarada biləcəyi fəsadlardan xilas etmiş, ölkənin davamlı və dayanıqlı tərəqqisini təmin edib. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın və ictimai nəzarətin artırılması ilə bağlı qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar göstərilənlərin bariz nümunəsi olmaqla Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir.
Qeyd edilib ki, Ulu Öndərin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində də həyata keçirilmiş fəaliyyətin nəticələri bu gün göz önündədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı isə ən təhlükəsiz şəhərlərindən birinə çevrilib. Ölkəmizdə inkişaf üçün əsas amil olan siyasi sabitlik və əmin-amanlıq mövcuddur. Azərbaycan dünyada sabitlik adası kimi tanınır və kriminogen durum çox müsbətdir”.
Diqqətə çatdırılıb ki, Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaları reallaşdıran, məqsədlərinin əhəmiyyətinə və miqyasına görə Azərbaycanda alternativi olmayan Heydər Əliyev Fondu tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verilməsi, xüsusilə Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsasını qoymuş Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı və əzmkar fəaliyyəti Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın sosial, humanitar, mədəni sahələrlə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti, gördüyü mötəbər işlər və həyata keçirdiyi layihələr xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin formalaşdırılması, ordumuzun ən müasir hərbi texnika ilə təchiz olunması, qürur duyduğumuz Azərbaycan Ordusunun qazandığı nailiyyətlər də ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlarındandır. Ali Baş Komandan İlham Əliyev tərəfindən hərbi islahatların aparılmasına göstərilən gündəlik diqqət və qayğı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin sülh danışıqları ilə həll edilməsi yolunda böyük səbir və təmkinlə həyata keçirilən tədbirlərin erməni təcavüzkarlarının məkrli niyyəti üzündən baş tutmayacağı təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızı erməni işğalçılarından təmizləyə biləcəyinə xalqın inamını daha da artırır. Erməni silahlı qüvvələri ilə təmas xəttində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində uğurla həyata keçirilmiş Aprel döyüşləri, həmçinin 2018-ci ilin mayında Şərur rayonunun Günnüt kəndi və 11 min hektara yaxın ərazinin işğaldan azad edilməsi şanlı ordumuzun, dövlətimizin, Ali Baş Komandanımızın tarixə qızıl hərflərlə həkk edilən böyük qələbəsi olub.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının müəllifi kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olub. Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir.
Çıxışının sonunda baş prokuror əminliklə bildirib ki, sivil və müasir məzmunlu dövlət təsisatı kimi yenidən formalaşmasına görə ulu öndər Heydər Əliyevin şəxsiyyətinə borclu olan Azərbaycan Prokurorluğunun kollektivi əbədiyaşar liderin ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.
Tədbirin yekununda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış “Liderlik missiyası” filmi nümayiş etdirilib.

Sosial 2019-05-07 16:10:00