×
A
A
A
Sazlamalar

Qusarda keçirilən reyd zamanı 25 avtomobilin sürücüsü barəsində protokol tərtib edilib

Bakı, 26 aprel, AZƏRTAC 

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, reyd zamanı normativlərə uyğun gəlmədiyi aşkarlanan nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.
Reydin keçirilməsində məqsəd, atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və nəqliyyat vasitələrini texniki cəhətdən nasaz vəziyyətdə idarə edən şəxslər barəsində inzibati tədbirlərin görülməsi olub.
Bölmənin əməkdaşları reyd zamanı 300-ə yaxın sürücünü saxlayıb, avtomobillərin ixrac etdiyi dəm qazının səviyyəsini xüsusi qurğu ilə yoxlayıblar. Normadan artıq dəm qazı olan 25 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, DYP-nin inspektorları sürücülərlə profilaktik söhbətlər apararaq, onlara idarə etdikləri nəqliyyat vasitələrinin texniki vəziyyətlərinin daima saz vəziyyətdə olmasına diqqət yetirmələrinin və istismar qaydalarına riayət etmələrinin zəruriliyini bildiriblər.
“Təmiz hava” aylığı çərçivəsində tədbirlər digər bölgələrdə də davam etdirilir.

Sosial 2019-04-26 14:41:00