×
A
A
A
Sazlamalar

® AS Qrup İnvestment” Çin şirkətinin dəstəyi ilə aqrosənaye sahəsində fəaliyyətini genişləndirəcək

Çinin nəhəng dövlət korporasiyası “China CAMC Engineering Co., Ltd.” (CAMCE) ilə Azərbaycanın “AS Qrup İnvestment” şirkəti arasında iri layihələrin həyata keçirilməsi ilə bağlı strateji əməkdaşlıq sazişi bağlanıb. Razılaşma Pekində keçirilən Asiyanın ən iri iqtisadi toplantısı “One Belt One Road” (Bir kəmər, bir yol) forumu çərçivəsində təşkil olunan görüşdə imzalanıb.
Sazişə əsasən, “CAMCE” iki istiqamətdə - Aqro-Sənaye-Logistika Mərkəzinin yaradılması və logistika bazasının genişləndirilməsi ilə bağlı “AS Qrup İnvestment”ə maliyyə və xidmət dəstəyi göstərəcək.
Birinci istiqamət üzrə “AS Qrup İnvestment”ə aid “AS Aqro” şirkətinin fəaliyyəti genişlənəcək – Quba, Göyçay, Bakı şəhərlərində Aqro-Sənaye-Logistika Mərkəzləri yaradılacaq. “AS Aqro” hazırda Hövsan qəsəbəsində Abşeron aqroparkının idarəçiliyi və inkişafı ilə məşğuldur.
Aqro sənaye kompleksində meyvə konsentratı və meyvə şirəsi istehsalı da nəzərdə tutulub. Bununla da, “AS Qrup İnvestment” yeni istehsalat sahəsində fəaliyyətə başlamış olacaq.
Strateji əməkdaşlığın ikinci istiqaməti isə şirkətlər qrupunun logistika xidmətlərinin dəfələrlə böyüdülməsini hədəfləyir. “Fresh Logistics” şirkətinin bazası artırılaraq soyuducu olan yük maşınlarının sayı 200-ə çatdırılacaq. Şirkət hazırda 20 soyuduculu tırla ölkədaxili və beynəlxalq yükdaşıma xidməti həyata keçirir.
Sazişə əsasən, tərəflər əlavə istiqamətlər üzrə potensial əməkdaşlıq imkanlarını da araşdıracaqlar. Bunun üçün “AS” və “CAMCE” şirkətlərinin rəhbərliyi səviyyəsində müxtəlif qarşılıqlı səfərlər və görüşlər nəzərdə tutulub.
Prezident İlham Əliyevin 2016-cı ildə qeyri-neft sektorunun inkişafı üçün imzaladığı Sərəncam və Fərmanlar, bu sahədə görülən dəstək tədbirləri “AS Qrup İnvesment”i aqro sektorda fəaliyyətə başlamasını stimullaşdırıb. Qısa zamanda iri müəssisələrə çevrilən “AS Aqro” və “Fresh Logistics” şirkətləri ölkədə yaradılmış münbit şəraitdən bəhrələnərək, artıq xaricdən iri investisiyaların cəlbində iştirak edirlər.

Biznes 2019-04-26 11:42:00