×
A
A
A
Sazlamalar

Dini radikalizmə qarşı mübarizədə elmin, təhsilin rolu böyükdür

Bakı, 25 aprel, AZƏRTAC

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən konfrans aprelin 25-də panel iclasla işini davam etdirib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda keçirilən tədbirdə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva açaraq bölgədəki dini durum haqqında məlumat verib. Konfransın əhəmiyyətinə toxunan N.Mustafayeva qeyd edib ki, dini maarifləndirmə sahəsinə böyük diqqət ayrılmalı, gənclərin dini radikalizm bəlasından qorunması üçün din onlara düzgün şəkildə çatdırılmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında danışıb. Qeyd edib ki, Azərbaycanda mövcud olan məzhəblərarası vəhdət bütün dünyaya nümunədir.
Dini radikalizmin yaranma səbəbləri və onun fəsadlarından bəhs edən sədr müavini bildirib ki, bəzi qruplar sülh dini olan İslamı siyasiləşdirərək öz məkrli planlarına alət etməyə çalışırlar. G.İsmayılov, həmçinin dini ekstremizm və radikalizmə qarşı mübarizə tədbirləri haqqında məlumat verib, ölkəmizdə bu sahədə maarifləndirmə işinin aparıldığını diqqətə çatdırıb. Sədr müavini onu da qeyd edib ki, gənclərin dini radikalizmdən qorunması üçün onların dini bilikləri artırılmalıdır.
Daha sonra çıxış edən Ağcabədi rayon təhsil şöbəsinin müdiri İsmayıl Həsənov dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Bildirib ki, dini radikalizmə qarşı mübarizədə elmin, təhsilin rolu böyükdür. O, həmçinin qeyd edib ki, gəncləri yad dini təsirlərdən qorumaq üçün onlar milli-mənəvi dəyərlərimizə bağlı və vətənpərvər ruhda tərbiyə olunmalıdırlar.
Konfrans tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.

Din 2019-04-25 22:13:00