×
A
A
A
Sazlamalar

Qax, Zaqatala və Balakəndə buraxılış imtahanları 6 mərkəzdə aparılıb

Qax, 21 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin aprelin 21-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax, Zaqatala və Balakən rayonlarında ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanları başa çatıb.
Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Zaqatalada 3, Balakəndə 2, Qaxda 1 olmaqla, ümumilikdə, 6 imtahan mərkəzi ayrılıb. İmtahanlarda 2125, o cümlədən Zaqatala rayonu üzrə 1044, Balakən rayonu üzrə 652, Qax rayonu üzrə 429 şagird iştirak edib. İmtahanların idarə edilməsinə bu rayonlarda 18 imtahan rəhbəri və 188 nəzarətçi müəllim cəlb olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli orta məktəb-liseydə 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanını izləyib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahanın idarə olunmasına 4 imtahan rəhbəri və 38 nəzarətçi müəllim cəlb edilib.
İmtahan rəhbəri Sevinc Məmmədovanın bildirdiyinə görə, bu mərkəzdə buraxılış imtahanı Azərbaycan, rus və gürcü bölmələri üzrə aparılıb.
Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları mövcud təlimata uyğun keçib və heç bir qanun pozuntusuna yol verilməyib.

Regionlar 2019-04-21 15:17:00