×
A
A
A
Sazlamalar

Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar

Bakı, 19 aprel, AZƏRTAC

Azərbaycan dövlətinə qarşı vahid mərkəzlərdən idarə olunan marionet təşkilatlar vasitəsilə böhtan, dezinformasiya xarakterli məlumatların məhz indi yenidən körüklənməsi təsadüfi deyil və ölkəmizə düşmən mövqedə olan dairələrin maraqlarına xidmət edir.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. Ekspert qeyd edib ki, bu kampaniyanın hədəfi Azərbaycanda ölkə həyatının bütün istiqamətlərində həyata keçirilən islahatlar və bu prosesin getdikcə daha da sürətləndirilməsidir. Daha dəqiq desək, sadə məntiqlə, “Trensparency International”, “Amnisty International”, OCCRP və digər bu kimi qurumlar Azərbaycanda vergi, gömrük, məhkəmə-hüquq sistemi və digər sahələrdə həyata keçirilən dərinləşdirilmiş və səmərəli islahatları dəstəkləməli idilər. Çünki bu islahatlar adıçəkilən və çəkilməyən qurumların sözdə elan etdikləri və qiymətləndirmə meyarına çevirdikləri prinsiplərlə uyğun gəlir. Yəni, bu islahatlar, ilk növbədə, maliyyə vəsaitlərinin dövriyyəsi ilə bağlı bütün prosesi şəffaflaşdırır, məmur-vətəndaş təmaslarını minimuma endirir, insan hüquq və azadlıqlarının qorunmasına təhdid yarada biləcək subyektiv amilləri və digər mənfi halları aradan qaldırır.
Ekspert əlavə edib ki, ölkədə həyata keçirilən islahatlara və bu islahatları həyata keçirən insanlara qarşı əks münasibətin şahidi oluruq. Çünki islahatlar nəticəsində ölkənin sosial-iqtisadi gücü, vətəndaş məmnuniyyəti artır və Azərbaycan kənar təzyiqlərə qarşı daha dayanıqlı olur. İslahatlar dövlətimizin və cəmiyyətimizin immun sistemini möhkəmləndirir, müqavimət gücümüzü artırır. Bu isə Azərbaycanın düşmənlərinə, ölkəmizdə öz maraqlarını həyata keçirmək istəyən və dövlətimizi zəif salaraq öz geosiyasi oyunlarının istifadə alətinə çevirmək istəyən qüvvələrə sərf etmir. Onlar bu prosesin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışırlar.
E.Mirzəbəyli deyib ki, təxribat xarakterli məlumatların yenidən vüsət almasının başqa bir səbəbi ölkəmizdə həyata keçirilən sosial layihələr, dövlət başçısının yüksək ictimai nüfuza malik olması və bu statusun gündən-günə daha da möhkəmlənməsi, Azərbaycan xalqının Prezident İlham Əliyevə olan etimadının onunla ictimaiyyət nümayəndələri arasında keçirilən görüşlərdə daha qabarıq şəkildə nəzərə çarpmasıdır. Şübhəsiz ki, Azərbaycana qarşı olan qüvvələr ölkə liderinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar.
Məlum olduğu kimi, yaxın zamanlarda Azərbaycan bir neçə mühüm tədbirə ev sahibliyi edəcək. Bundan başqa, ölkəmizi öz strateji hədəflərinə aparacaq mühüm addımlar atılacaq. Bütün bunlar Azərbaycanın nüfuzunu, onun regiondakı və dünyadakı mövqeyini daha da möhkəmləndirəcək. Təbii ki, bunlar erməni lobbisini və onun əlində alətə çevrilmiş qurumları və siyasətçiləri, regionda korporativ və geosiyasi maraqları olan dairələri heç bir halda qane edə bilməz. Onlar nəyin bahasına olursa olsun, Azərbaycanın daha da güclənməsinə mane olmağa çalışırlar. Lakin bu cür qüvvələrin məkrli niyyətləri həmişə olduğu kimi, bu dəfə də fiaskoya uğrayacaq.

Siyasət 2019-04-19 19:11:00