×
A
A
A
Sazlamalar

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə islahatlar aparılır

Bakı, 19 aprel, AZƏRTAC

Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması istiqamətində ciddi islahatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərişıq” ASC-nin sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirdiyi islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi üzrə görülən işlərə dair mətbuat konfransında ASC-nin perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli deyib.
Bildirib ki, “Azərişıq” ASC-də icraçı olaraq bu islahatların həyata keçirilməsi istiqamətində intensiv addımlar atır. Onun sözlərinə görə, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən Fərmana uyğun olaraq, bir çox işlər görülüb. Həyata keçirilən islahat tədbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin, o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi, həmçinin fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB), “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb.
Elektron müraciətlərin sayının artırılması məqsədilə “Azərişıq” ASC-nin elektron müraciətlərin idarə olunması sisteminin daha da təkmilləşdirildiyini və əlçatanlığın təmin edildiyini deyən E.Rüstəmli bununla məmur-vətəndaş təmasının minimuma endirildiyini bildirib: “Elektron müraciətlərin idarə olunması sisteminin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı, rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar “Elektron hökumət” portalı üzərindən elektron və ya “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir”.
Qeyd edilib ki, elektron müraciətlərin sənəd dövriyyəsi sistemi artıq “ASAN Kommunal”da qərarlaşan Texniki Şuranın da işinə inteqrasiya edilib. Bu isə işi təkmilləşdirməklə yanaşı, həm də asanlaşdırıb.

Energetika 2019-04-19 13:44:00