×
A
A
A
Sazlamalar

Qəbələdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Qəbələdə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək məmnuniyyətə nail olmaqdır.
Növbəti səyyar satış Qəbələnin Çuxurqəbələ kəndində baş tutub. Səyyar satış zamanı 17,9 ton azot və ammofos gübrəsi satılıb.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrəni əldə edə bilərlər.

Regionlar 2019-04-19 12:15:00