×
A
A
A
Sazlamalar

AÇG-nin Rəhbər Komitəsi 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsini təsdiqləyib YENİLƏNİB

Bakı, 19 aprel, AZƏRTAC
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, “Chevron”, “Inpex”, “Equinor”, “ExxonMobil”, “TPAO”, “Itochu” və “ONGC Videsh”) aprelin 19-da Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi-Şərqi” (AMŞ) layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.
Bu, 2017-ci ildə AÇG üzrə hasilatın pay bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərzində AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulub.
Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8 min işçinin cəlb olunacağı gözlənilir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bu gün biz 25 il əvvəl “Əsrin müqaviləsi” ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq. Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirib. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Azəri Mərkəzi-Şərqi” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaradıb.
Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”.
Bu məsələ haqqında BP qrupunun baş icraçı direktoru Robert Dadli deyib: “Birgə fəaliyyətimizin ötən 25 ili ərzində bizim uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirib. AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “Bugünkü bəyanat hasilatın pay bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir”.
“Azəri Mərkəzi-Şərqi” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngəçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.
Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından AMŞ qurğularına nəql etmək məqsədilə “Azəri Mərkəzi-Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti tikiləcək.
AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP 30,37 faiz, SOCAR 25 faiz, “Chevron” 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz, “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Xatırladaq ki, AÇG üzrə ilk hasilatın pay bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.
AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunub. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.
İndiyədək AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard dollardan çox sərmayə qoyulub. Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngəçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 min barrel olub.

Neft - qaz 2019-04-19 11:42:00