×
A
A
A
Sazlamalar

Arizona ştatının Yuma şəhərində fövqəladə vəziyyət elan edilib

Vaşinqton, 19 aprel, AZƏRTAC

Arizona ştatının Yuma şəhərinin meri Duqlas Nikols şəhərdə fövqəladə vəziyyət elan edib. Bundan əvvəl Gömrük və Sərhəd Nəzarəti Bürosu yüzlərlə miqrant ailəsini patrul nəzarətindən azad edib.
AZƏRTAC xəbər verir ki, merin sözlərinə görə, bu qərarın qəbul edilməsi son 20 gündə Yumaya 1.300-dən çox miqrantın gəlməsi ilə bağlıdır. Yuma şəhərinin əhalisinin sayı cəmi 95 min nəfərdir. Nikols federal hakimiyyət orqanlarından Fövqəladə Hallarda İdarəetmə üzrə Federal Agentliyin hesabına zəruri resurslar ayrılmasını xahiş edib. Arizona qubernatorunun mətbuat xidməti Nikolsun sorğusuna cavab olaraq bildirib ki, müvafiq sənəd qubernatorun ofisinə daxil olan kimi fövqəladə vəziyyət haqqında deklarasiyaya baxılacaq. Adətən belə hallarda qubernator mövcud resursları maksimum həddə çatdırmaq üçün yerli hakimiyyət orqanları, qeyri-kommersiya qrupları və federal məmurlarla işləyir.
Şəhərdə qəza hallarında istifadə edilmək üçün 150 nəfərlik yeganə qəza sığınacağı fəaliyyət göstərir. Halbuki aprelin 16-da bu sığınacaqda 200 miqrant olub. ABŞ-ın sərhədyanı şəhərlərində immiqrasiya üzrə hakimiyyət orqanları Mərkəzi Amerikadan olan çoxsaylı immiqrant ailələrini azad edirlər.
Sərhəd patrulu sərhədi qanunsuz keçmiş, lakin sonradan sərhədçilər tərəfindən saxlanılmış miqrant ailələrinin 11 mindən çox üzvünü azad edib. Martın 19-da Gömrük və Sərhəd Nəzarəti Bürosu miqrant ailələrinin cinayətkar olmayan üzvlərinin məhkəmədə olmaları barədə bildiriş təqdim edilməklə onları bilavasitə azad edib. Həmin andan etibarən miqrantlar sərhəd boyunca yerləşən qeyri-hökumət sığınacaqlarında və ya avtobus stansiyalarında yerləşdirilib.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-04-19 11:10:00