×
A
A
A
Sazlamalar

Lənkəran Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin birinci elmi konfransı keçirilib

Lənkəran, 18 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda elmin inkişafı” mövzusunda Tələbə Elmi Cəmiyyətinin birinci elmi konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfransın işinə uğurlar arzulayaraq, gənc tədqiqatçıların gələcəkdə Azərbaycan elminin işıqlı sabahı, potensialı olduğunu, istedadlı tələbələrə hər cür dəstək göstəriləcəyini bildirib.
Natiq İbrahimov, həmçinin ölkəmizdə aparılan təhsil islahatlarından, LDU-da təhsilin səviyyəsinin yüksəlməsi və maddi bazasının yenilənməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən də danışıb.
Konfransın rəsmi hissəsində LDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Samir Salayev “Tələbə Elmi Cəmiyyəti qurumlarının fəaliyyətində və inkişafında Heydər Əliyev şəxsiyyətinin rolu, LDU tələbə Elmi Cəmiyyətinin keçdiyi yol”, universitetin aqrar və mühəndislik fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Tale Ələskərzadə “Aqrar sahənin inkişafında ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti”, təbiyyat fakültəsi üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Murad Şahverdiyev “Heydər Əliyev və müasir Lənkəran Dövlət Universiteti”, humanitar fakültə üzrə Tələbə Elmi Cəmiyyətinin sədri Aynur Rzayeva “Qloballaşan dünya təhsilinə inteqrasiya prosesində Heydər Əliyev siyasətinin rolu” mövzularında çıxış ediblər.
Bölmə iclasları ilə işini davam etdirən konfransa müxtəlif mövzularda 123 tezis təqdim olunub.
Konfransın yekununda bölmə iclasları üzrə hesabatlar dinlənilib.
Maraqlı tezislərlə çıxış edən gənc tədqiqatçılara LDU-nun təşəkkürnamələri təqdim ediləcək və bu tezislər kitab şəklində nəşr olunacaq.

Regionlar 2019-04-18 17:47:00