×
A
A
A
Sazlamalar

Naxçıvanlı gənclər həqiqi hərbi xidmətə yola salınıb

Naxçıvan, 18 aprel, AZƏRTAC

Bu gün ordumuz yüksək döyüş qabiliyyətinə malikdir. Aprel döyüşləri və Günnüt zəfəri bunu bir daha təsdiq etdi. Günnüt zəfəri həm də onu göstərdi ki, bu gün Naxçıvanın təhlükəsizliyi tam təmin olunub və gücü, qüdrəti ilə öyündüyümüz ordumuz muxtar respublikamızın strateji yüksəkliklərindən düşməni tam nəzarətdə saxlayır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimində səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan şəhər təşkilatının sədri Davud Süleymanov, Naxçıvan Şəhər Prokurorluğunun 3-cü dərəcəli hüquqşünası Abdulla Quliyev və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək hərbi xidmətə yola salınanlara uğurlar arzulayıblar. Valideyn İntiqam Hüseynov çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Aqil Musayev Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov əminliyini bildirib ki, sarsılmaz dövlət-xalq-ordu birliyi sayəsində bu gün hərbi xidmətə yola düşən gənc çağırışçılar da Vətənimizə ləyaqətlə xidmət edərək müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə töhfə verəcəklər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, mayor Anar Aqilov çıxışında qeyd edib ki, indi Azərbaycanın güclü ordusu var. Güclü ordu isə düşmənə hər an layiqli cavab verməyə qadirdir. İnanırıq ki, bu gün hərbi xidmətə yola saldığımız gənclər ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlar.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Regionlar 2019-04-18 11:37:00