×
A
A
A
Sazlamalar

İçərişəhərdə “Qadın sirləri” adlı sərgi açılıb

Bakı, 18 aprel, AZƏRTAC

İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında “Qadın sirləri” adlı rəsm sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan”ın dəstəyi ilə reallaşan sərgi bütün dövrlər üçün aktual olan qadın mövzusuna həsr edilib.
Sərgidə yaşlı nəslin nümayəndəsi olan rəssamların əsərləri nümayiş edilir. Əl işləri arasında xüsusi bir ekspozisiya mövcuddur ki, o, Azərbaycanın məşhur rəssam və rejissorunun şəxsi kolleksiyasına məxsus rəsmləri əhatə edir. Söhbət uşaqlığımızın xatirəsi olan cizgi filmlərimizi ərsəyə gətirmiş şəxslərdən biri - Nazim Məmmədovdan gedir. Onun sərgidə yer alan əsərləri ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim edilir. Həmçinin ziyarətçilər posterdə əks olunmuş müəllifi Eldar Babayev, eyni zamanda, Rafael Əliyev və başqaları olan əsərlərə baxa bilər.
Aprelin 27-dək davam edəcək sərgidə 15-ə qədər boyakarlıq nümunəsi ziyarətçilərin ixtiyarına verilib.

İncəsənət 2019-04-18 10:19:00