×
A
A
A
Sazlamalar

BƏƏ-Efiopiya biznes-forumunda iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Əddis-Əbəbə, 27 mart, AZƏRTAC

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən İkinci Birləşmiş Ərəb Əmirlikləri – Efiopiya biznes-forumunda iki ölkə arasında həyati vacib sektorlara sərmayə yatırılması sahəsində əməkdaşlıq və özəl sektorlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, BƏƏ-nin iqtisadiyyat nazirinin xarici ticarət üzrə müavini Abdulla bin Əhməd Əl Saleh çıxışında bildirib ki, əmirlik Afrika ölkələri ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi diqqət yetirir və onlarla müxtəlif sahələrdə müştərək sərmayə layihələrini həyata keçirməyə çalışır. Onun sözlərinə görə, bu forum investisiya imkanlarının öyrənilməsi və kommersiya əlaqələrinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən çox vacibdir. Nazir mavini Efiopiyanın ərəb regionundakı əsas kommersiya tərəfdaşlarının siyahısında üçüncü yeri tutduğunu qeyd edib. O, həmçinin BƏƏ ilə Efiopiya arasında 2018-ci ildə qeyri-neft ticarətinin həcminin 850 milyon dollar təşkil etdiyini deyib və vurğulayıb ki, keçən il BƏƏ-dən Efiopiyaya ixrac 200 milyon dollar, Efiopiyadan əmirliyə isə ixrac 150 milyon dollar təşkil edib.
Efiopiyanın ticarət və sənaye üzrə dövlət naziri Messqano Arсa öz növbəsində iki ölkə arasındakı iqtisadı əlaqələrin artmasını yüksək qiymətləndirərək, bu forumun gələcək əməkdaşlığın genişlənməsi üçün böyük rol oynadığını diqqətə çatdırıb.
BƏƏ-Efiopiya biznes-forumunda əmirliyin İqtisadiyyat Nazirliyindən, federal və yerli hökumət orqanlarından, Xarici İşlər Nazirliyinin rəsmi şəxslərindən və iş adamlarından ibarət 80 nümayəndə iştirak edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə

Dünya 2019-03-27 03:00:00