×
A
A
A
Sazlamalar

Tur-aksiya iştirakçıları Gəncə və Göygöldə

Gəncə, 24 mart, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Qəbələ, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, İmişli və Füzuli məktəbliləri martın 24-də Göygöl rayonu və Gəncə şəhəri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur–aksiya iştirakçıları əvvəlcə Göygöl rayonuna gəliblər. Qonaqları şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və təhsil şöbələrinin əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıb.
Bildirilib ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq krallığından gələn koloniyaçılar tərəfindən qoyulub. Şəhərin adı da elə alman koloniyaçıları tərəfindən Helenendorf adlandırılıb. İkinci Dünya müharibəsi başlayanadək burada dinc və əmin-amanlıq şəraitində yaşayan almanlar 1941-ci ildə Stalinin əmri ilə Sibirə və Qazaxıstana sürgün ediliblər. Ötən illərdə bir neçə dəfə adını dəyişən rayon 2008-ci ildən Göygöl adlandırılıb. Vaxtilə almanlar tərəfindən salınan küçələr, tikilən eyvanlı, çatmatağlı evlər və alman lüteran kilsəsi bu gün də mühafizə olunur. Kilsədə rayonun keçmişini, eləcə də almanların tarixini və məişətini əks etdirən çoxlu sayda qiymətli eksponat qorunub saxlanılır. Göygöl şəhərində küçələrlə irəlilədikcə burada almanlara məxsus onlarla maddi-mədəni tikiliyə, tarixi nişanəyə rast gəlmək mümkündür.
Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Əvvəlcə məktəblilər burada Ümummilli Liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, mərkəzdə gənclər üçün rəsm, xalçaçılıq və bədii biçmə-tikmə evləri, muğam evi, şahmat klubu, həmçinin kinozal fəaliyyət göstərir.
Heydər Əliyev Park Kompleksində isə rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzi fəaliyyət göstərir.
Daha sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn məktəblilərə məlumat verilib ki, vaxtilə alman koloniyaçıları tərəfindən tikilən kilsə hazırda muzey binası kimi fəaliyyət göstərir. Muzeydə nümayiş olunan tarixi eksponatlar, vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyimlər və tarixi fotolar şagirdlərdə böyük maraq yaradıb.
Tur-aksiya iştirakçılarının rayonla tanışlığı çərçivəsində səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub. Bildirilib ki, 1139-cu ildə Kiçik Qafqaz dağlarında güclü zəlzələ baş verib. Zəlzələnin təsirindən Kəpəz dağının zirvəsi uçaraq Ağsu çayının qarşısını kəsib və əsrarəngiz gözəlliyə malik, nadir təbiət incisi Göygöl yaranıb. Hazırda Göygölə yaxın ərazilərdə bir-birindən gözəl 17 göl var. Göllərin hər biri müxtəlif əlamətlərinə görə adlandırılıb. Lakin onlardan Göygöl və Maral göl daha məşhurdur. Hər il 10 minlərlə turistin səfər etdiyi bu ərazilərdə həm də Azərbaycan təbiətinin ən nadir fauna və flora növləri qorunur.
Dağların qoynu ilə ensiz dolama yollardan, sıx meşələrdən keçdikdən sonra dəniz səviyyəsindən 1556 metr yüksəklikdə tur-aksiya iştirakçılarının gözləri qarşısında açılan ecazkar təbiət mənzərəsi məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər gölün kənarında xatirə şəkilləri çəkdiriblər.
Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri buraya səfər edən hər kəsdə olduğu kimi, tur-aksiya iştirakçılarında da zəngin təəssürat yaradıb.
Rayonla tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları sonra Gəncə şəhərinə səfər ediblər.
Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.
Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri qarşılayıblar.
Şagirdləri salamlayan şəhər icra hakimiyyətinin təmsilçisi Yadigar Bədəlov Prezident İlham Əliyevin tövsiyəsi ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları sonrakı məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Məktəblilər əvvəlcə şeyx Nizaminin və şairin valideynlərinin qəbirlərini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu vaxtadək şairin məzarı üzərində müxtəlif əsrlərdə dörd dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib.
Şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər.
Sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub. Bundan bir il sonra Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı muzey istifadəyə verilib.
Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpası, əsərlərinin tərcüməsi və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Muzeydə dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş etdirilir.
Burada məktəblilər dahi şairin əsərlərinə həsr olunan və hazırda dünyanın Metropoliten, Viktoriya və Albert, Drezden, Vatikan kimi muzeylərinin ən qiymətli eksponatları sırasında yer alan, “Xəmsə”nin motivləri əsasında işlənən miniatürlərin surətləri ilə tanış olublar.
Məktəblilərin baş çəkdikləri növbəti məkan Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi olub.
Tur-aksiya iştirakçılarına məlumat verilib ki, kompleksin inşasına 2012-ci ilin yanvarında başlanılıb. Bu möhtəşəm abidənin yüksək səviyyədə, tarixi ənənələrə uyğun inşası 2014-cü ilin yanvarında başa çatdırılıb.
Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Kompleksin ərazisində 75 metr hündürlüyü olan dirəkdə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.
Gəncə-Bakı avtomobil yolunun kənarında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə çar qoşunlarına qarşı mübarizə səhnələri, həmçinin Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, ümummilli lider Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması və Milli Qurtuluş hərəkatının Gəncədən başlaması salnaməsi əks olunub. Dəmir darvazalar kompleksə xüsusi əzəmət verir.
Məktəblilərin baş çəkdikləri sonuncu məkan - müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanışlıq da maraqlı keçib. Məlumat verilib ki, bu müqəddəs məkanda 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. “İmamzadə” ziyarətgahı əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş abadlıq-quruculuq və yenidənqurma işləri aparılıb.
“İmamzadə” kompleksinin ətrafında böyük kompleks yaradılıb. Belə ki, yenidənqurma işlərindən sonra şahzadə İbrahimin qəbri üzərində tikilən tarixi türbələr saxlanılmaqla üzəri günbəzlə tamamlanan möhtəşəm türbə, ətrafında isə minarələr inşa edilib. Ziyarətgahda möminlərin rahat ibadəti üçün Hüseyniyyə və Zeynəbiyyə məscidləri, dəstəmazxana, mehmanxana, dini muzey tikilib. İnsanların mənəvi saflıq, doğruluq və halallıq məkanı olan “İmamzadə” kompleksi məktəblilərdə böyük maraq oyadıb.
Şagirdlərin Göygöl rayonu və Gəncə şəhəri ilə tanışlığı zəngin təəssüratlarla başa çatıb.

Regionlar 2019-03-24 23:01:00