×
A
A
A
Sazlamalar

Məktəblilər Lənkəranla tanışlığı davam etdiriblər

Lənkəran, 24 mart, Bağır Əliyev, AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olan Abşeron, Sumqayıt, Mingəçevir, Naftalan şəhərlərinin, Siyəzən, Şabran, Xızı, Qubadlı və Laçın rayonlarının məktəbliləri martın 24-də Lənkəran rayonu ilə tanışlığı davam etdiriblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Hirkan Milli Parkına gəliblər. Məktəblilərə məlumat verilib ki, Lənkəran və Astara inzibati rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkı zəngin flora və faunasına görə nəinki Azərbaycanın, dünyanın ən nadir milli parkı hesab olunur. Burada buzlaşma dövründən qabaqkı endemik, relikt dövr bitkiləri, o cümlədən heyvanat aləmi qorunub saxlanılır.
Ərazisi 40 min 358 hektar olan Hirkan Milli Parkında Azərbaycanın “Qırmızı kitab”ında olan ağac və kol bitkilərinin yarıdan çoxuna təsadüf edilir. Parkda təkcə nadir bitki aləmi deyil, nəsli tükənməkdə olan heyvan növləri də mühafizə olunur.
Hirkan Milli Parkı ilə tanışlıqdan sonra məktəblilər “Xanbulan” İstirahət Mərkəzinə səfər edib, çay plantasiyalarında olublar.
Məktəblilərə məlumat verilib ki, Lənkəranda ilk dəfə çay bitkisi 1898-ci ildə əkilib. Sovetlər dövründə Azərbaycan əhalisinin çaya olan tələbatının 70 faizini respublikada istehsal edilən çay məhsulu ödəyib.
Bildirilib ki, uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq təsərrüfatı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası nəticəsində özünün yeni dirçəliş dövrünü yaşayır.
Lənkəran şəhərindəki “Qoşa Qala qapıları”, “Mayak” binası, Bayraq Meydanı, Həzi Aslanov parkı, “Samovar” şəhərciyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub.
Tur-aksiya iştirakçıları, həmçinin Azərbaycanlıların Soyqırımı Abidəsini ziyarət ediblər.
Lənkəranla tanışlıqdan sonra məktəblilər martın 25-də səyahətlərini Masallı və Astara rayonlarında davam etdirəcəklər.

Regionlar 2019-03-24 22:00:00